“Çalışacağıq ki, növbəti oyunlarda həmin səhvlərə yol verməyək” - MÜSAHİBƏ


“İnter” klubunun müdafiəçisi Valeri Abramidze klubun saytına müsahibə verib. İdman.com.az-ın xəbərinə görə, gürcüstanlı legioner Antalya hazırlığı və “Karlsrue” ilə baş tutan qarşılaşma haqqında fikirlərini açıqlayıb.



- Artıq bir neçə gündür komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyədədir. Bu toplanışın gedişi barədə nə deyə bilərsiniz?

-Bir neçə gün əvvəl məşqlərə başlamışıq. Futbolçuların çiyinlərinə böyük fiziki yükləmələr düşür. Ancaq buna baxmayaraq, uşaqlar səylə məşq edir və böyük həvəslə baş məşqçinin tapşırıqlarını yerinə yetirirlər.

- Komanda ilə birlikdə toplanışa bir neçə nəfər gənc futbolçu da yollanıb. Bu futbolçular haqqında nə deyə bilərsiniz?

- Gənc futbolçular əvəzedici heyətdə çıxış edirlər. Deyə bilərəm ki, onların hamısı kifayət qədər perspektivli uşaqlardır. Uyğunlaşma barədə onu deyə bilərəm ki, komandamızda elə yaxşı atmosfer hökm sürür və heç uyğunlaşmağa xüsusi ehtiyac da yoxdur. Bizim komandada mehriban atmosfer var və bu şərait hər bir gənc futbolçuya kömək edir.

- Almaniyanın “Karlsrue” klubu ilə görüş haqqında fikirlərinizi bilmək maraqlı olardı...

- Hazırda biz hazırlığın başlanğıc mərhələsindəyik. Oyun ritminə daxil olmağımız üçün bizə vaxt lazımdır. “Karlsrue” kifayət qədər rəğbət doğurdu. Ümumilikdə oyun maraqlı alındı. Bu, bizim ilk yoxlama oyunumuz oldu və məhz buna görə də bir çox səhvlərə yol verdik. Ancaq biz çatışmazlıqlarımız üzərində çalışacağıq ki, növbəti oyunlarda həmin səhvlərə yol verməyək.

- Toplanışlar çempionat oyunlarına hazırlıq baxımından vacib rol oynayır. Necə düşünürsünüz, hazırda keçirilən təlim-məşq toplanışının mövsümün ikinci hissəsində baş tutacaq matçlarda fayda verəcək?

- Mən buna şübhə etmirəm. Uşaqların səylə məşq etdiklərinə nəzər yetirərkən əminliklə deyə bilərəm ki, bu toplanışlar bizə çox kömək edəcək. Biz çempionat oyunlarına tam hazır olacağıq.

Xəbər 1010 dəfə oxundu.