Azərbaycan karateçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə 3-cü yeri tutublar
Azərbaycan milli komandasının bir neçə üzvü Türkiyənin Ərzurum şəhərində 12-ci Beynəlxalq Palandökən karate turnirində 3-cü yeri tutub.

Böyüklərin fərdi yarışlarında Rafiz Həsənov (67 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) yarışın qalibi olublar. 14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev (57 kq) və 18-21 yaşlılarda kata üzrə çıxış edən Rafiq Əmirov gümüş medallara sahib olublar.

16-17 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən Murad Hacızadə (76 kq-dan yuxarı) və Elcan Məmmədrzayev (61 kq), 18-21 yaşlılardan isə Üzeyir Alışanov (67 kq) bürünc mükafat qazanıblar.

Rafiz Həsənov, Pənah Abdullayev və Asiman Qurbanlıdan ibarət heyətlə komanda yarışlarına qatılan karateçilərimiz çempionluğu qazanıblar. Bu nəticələrlə Azərbaycan 41 ölkə arasında Türkiyə və İrandan sonra üçüncü nəticə göstərib. Müxtəlif yaş qrupları üzrə 4 gün davam edən ənənəvi Palandökən turnirində 2000-dək idmançı iştirak edib.

Bakı və region klublarından da yarışa yollanan idmançılarımız yaxşı nəticə ilə qayıdıblar.

Xəbər 728 dəfə oxundu.