Avropada “Zirvə fırtınası”: Abşeron, Jidaçiv və Terespollu atletlərimiz fəxri kürsüdə
İsveçin Landskrona şəhərində avqustun 1-dən 9-dək keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyində “Zirvə fırtınası” yaşanır. Klubumuzun üzvləri uğurları sıralamaqda davam edirlər.

Yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 85 kq çəki dərəcəsində birdən-birə üç idmançımız körpücük üzərinə çıxıb. “Abşeron-Zirvə” atleti Hüseyn İsmayılov, “Terespol-Zirvə” atleti Mateuş Skulimovski və “Jidaçiv-Zirvə” atleti İqor Obuxov medal mübarizəsinə qoşulublar. Qazanılan nəticələr möhtəşəmdir.

Hüseyn İsmayılov toplamda 300 kq (139+161) nəticə yekun sıralamada da 4-cü olsa da, birdən qaldırmada Avropanın ən yaxşısı olub.

Polşalı atletimiz Mateuş Skulimovski birdən qaldırma hərəkətində 137 kq, təkanla qaldırma hərəkətində 164 kq nəticə göstərib və hər iki hərəkətdə bürünc medal qazanıb. “Terespol-Zirvə” atleti toplamda 301 kq (137+164) nəticə ilə isə Avropa birinciliyində 2-ci yerə çıxıb.

Qızıl medal isə “Zirvə” atleti, Ukrayna təmsilçisi İ.Obuxova qismət olub. Bu ilin aprelində Perunun paytaxtı Limada yeniyetmələrin dünya birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan gənc ağırlıqqaldıranımız bu dəfə də gözəl çıxış edib. Maraqlıdır ki, Obuxov birdən qaldırma hərəkətində 136 kq-la yalnız 4-cü olmuşdu. Ancaq təkanla qaldırma hərəkətində 181 kq nəticə göstərərək həm bu hərəkətdə, həm də yekunda hamını qabaqlayıb.

Toplam 317 kq (136+181) nəticə ilə İqor qızıl medala sahib çıxıb.

Bu nəticələr “Zirvə” Beynəlxalq İdman Klubunun gördüyü işlərin qısa müddətdə necə yüksək effekt verdiyinə, işlərin səmərəli görüldüyünə əyani sübutdur. Bütün bu qələbələrdə əməyi olan məşqçilər və digər şəxslərin hər birinə təşəkkür edir, uğurların davamının gəlməsini arzulayırıq!

Xəbər 823 dəfə oxundu.