Sərbəst güləşçimiz Ermənistan idmançısını məğlub edərək Avropa çempionu olub / YENİLƏNİR
Serbiyanın Subotiça şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Çempionatın ilk günündə güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə ediblər. İslam Bazarqanov (50 kq) qızıl, Əsgər Məmmədəliyev (42 kq), Geriya Qadisa (58 kq) və İsmayıl Abdullayev (69 kq) bürünc medal qazanıb.

Yarışın ikinci günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər güclərini sınayıblar. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurublar.

Güləşçilərimizdən yalnız ağır çəkidə mübarizə aparan Alimaqomed Alixmayev (100 kq) mübarizəni finala qədər davam etdirib. Türkiyə, Bolqarıstan və Gürcüstan pəhləvanları üzərində inamlı qələbə güləşçimizi finala yüksəldib. Həlledici görüşdə təmsilçimizin rəqibi Ermənistan idmançısı olub. Finalda bir dəqiqə ərzində rəqibini böyük hesablı (10:0) məğlubiyyətə məcbur edən idmançımız Avropa çempionatının qızıl medalına sahib olub.

Digər güləşçilərimiz mübarizəni erkən mərhələdə dayandırıblar.

Xəbər 700 dəfə oxundu.