Milli Olimpiya Komitəsində atletika üzrə Avropa rekordçusu ilə görüş keçirilib
Avqustun 5-də Milli Olimpiya Komitəsində (MOK) atletika üzrə İsveçin Eskilstuna şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində üçtəkanla tullanma yarışlarında 17.04 metrlik nəticə ilə 30 illik rekordu yeniləyərək çempion olan və “Rio-2016”ya lisenziya qazanan Nazim Babayev və məşqçisi Ziyad Xəlfəyev ilə görüş keçirilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman ölkəsi olan Azərbaycanda keçirilən birinci Avropa Oyunlarının atletika yarışlarında təmsilçilərimizin uğurla çıxış etdiklərini bildirib. O, gənc atlet Nazim Babayevin çıxışına toxunaraq “Bakı-2015”də N.Babayevin üçtəkanla tullanmada qazandığı uğurları təqdirəlayiq hesab edib.

Gənclər arasında keçirilən Avropa çempionatında N.Babayevin çıxışından danışan Ç.Hüseynzadə deyib: “Atletimiz Avropa rekordunu yeniləyərək adını qitənin idman tarixinə yazdırıb. Avropa rekordunu yeniləməsi 2016-cı ildə Nazimə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb. Biz bundan qürur duyuruq”.

Azərbaycanda atletikanın kütləviliyinin artırılmasına diqqət və qayğı göstərildiyini bildirən Ç.Hüseynzadə idmanın bu növü üzrə istedadlı gənclərin olduğunu vurğulayıb. Gənc atleti böyük uğuru münasibətilə təbrik edən Ç.Hüseynzadə əldə etdiyi yüksək nailiyyətlərə görə ona minnətdarlığını bildirib.

N.Babayev və məşqçisi Z.Xəlfəyev səmimi görüşə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Atlet bundan sonra da əzmlə çalışaraq ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəyinə söz verib.

Xatırladaq ki, N.Babayev Avropa birinciliyində almaniyalı idmançı Volker Mainin 1985-ci ildə əldə etdiyi 16.93 metrlik rekordu təzələyib.

Xəbər 848 dəfə oxundu.