Teymur qalib gəldi, liderlər qrupuna daxil oldu
Niderlandın Veyk an Zeye şəhərində şahmatçılar arasında ənənəvi beynəlxalq superturnir davam edir. İdman.com.az saytının məlumatına görə, VI turda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov (2773) ağ fiqurlarla ukraynalı Sergey Karyakinlə (2769) görüşüb. Partiyanın ortalarında tədricən təşəbbüsü ələ alan həmyerlimiz, endşpilə 2 keçid piyadası ilə girib. Yekunda onlardan birini vəzirə çevirməyi bacaran şahmatçımız 62-ci gedişdə rəqibini təslim edib. Hazırda Teymurun hesabında 4 xal var və o, yarışın liderlər qrupundadır.

Milli komandamızın digər aparıcı üzvü Vüqar Həşimov (2761) qara zolaqdan çıxa bilmir ki, bilmir. Ötən görüşdə Vasili İvançukla (2766) uduzan təmsilçimiz, bu partiyada qara fiqurlarla Levon Aronyana (2805) məğlub olub.

Mittelşpildə bir piyada üstünlüyü əldə edən Ermənistan şahmatçısı, sonadək matçı uğurlu oynayıb və 48-ci gedişdə qrossmeysterimizi təslim olmağa məcbur edib. Aktivində 1,5 xal olan Vüqar 13-cü pillərdədir.

Xəbər 970 dəfə oxundu.