Aleksandr Jukov: Hərəkət aktivliyinin olmaması şahmatın Olimpiya Oyunları proqramına salınmasında əsas maneədir
Olimpiya idman növlərinin hamısına xas olan hərəkətliliyin şahmatda olmaması onun Oyunların proqramına daxil edilməsində başlıca maneədir. Bunu Rusiya KİV-lərinə Rusiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Aleksandr Jukov deyib.

İyulun ortasında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov şahmatın 2018-ci ildə Pxençxanda Qış Olimpiya Oyunlarına idmanın nümayiş xarakterli növü kimi salınacağını bildirsə də, bir qədər sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax məsələnin müzakirə mərhələsində olduğunu deyərək, bu informasiyanı təkzib edib.

“Əsas problem ondan ibarətdir ki, şahmat olimpiya idman növlərindən fərqli olaraq dinamik deyil. Bundan başqa, qış Olimpiadasında buz və qarla əlaqəli idman növlərinin təqdim edilməsi də şahmatın Oyunların proqramına salınmasına mane olur”, - deyə A.Jukov bildirib.

“Şahmat özlüyündə çox populyardır, şahmat olimpiadalarında çoxlu sayda insanlar iştirak edirlər. Mən, əlbəttə, onun Olimpiya proqramına salınmasını dəstəkləyirəm, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin keçmiş prezidenti Jak Roqqe, habelə Tomas Baxla çox danışmışam. Lakin problem hələ ki qalır”, - deyə A.Jukov əlavə edib.

Xəbər 643 dəfə oxundu.