Qəbələdə keçiriləcək atıcılıq üzrə Dünya Kuboku yarışlarında 100-dək ölkədən 2000-ə yaxın idmançı mübarizə aparacaq
Qəbələ şəhəri avqustun 6-dan 16-dək Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.

Bu yarışlar Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada təşkil olunub. Yarışın 6-cı mərhələsi, yəni final görüşləri isə Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur. Yarışda 100-dək ölkədən 2000-ə yaxın idmançı, eləcə də Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Frans Şrayber və Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisinin də iştirak edəcək. Bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda aparacaqlar.

Xatırladaq ki, avqustun 7-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində yarışların təntənəli açılış mərasimi olacaq. Avqustun 16-dək keçiriləcək yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanacaq.

Xəbər 944 dəfə oxundu.