Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamızı dünya çempionatında 8 idmançı təmsil edəcək
Avqustun 11-16-da Braziliyada keçiriləcək dünya çempionatına hazırlaşan sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığma komandası məşqlərini Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir.

Baş məşqçi Əsgərxan Novruzov, məşqçilər Rövşən Hacıyev və Siracuddin Eldarovun rəhbərlik etdikləri təlim-məşq toplanışına yığma komandanın bütün üzvləri qatılıb. Təlimdə iştirak edən 32 gənc pəhləvan arasında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları da var. Təlimlərdə daha çox texniki-taktiki hazırlıqlara üstünlük verilir.

Gənclərdən ibarət Azərbaycan yığma komandası Braziliyanın Salvador şəhərində təşkil olunan dünya çempionatında 8 idmançı ilə təmsil olunacaq.

Yığma komandanın baş məşqçisi Əsgərxan Novruzov müsahibəsində gənc güləşçilərimizin Braziliyaya medal dalınca yollanacaqlarını deyib: “Dünya çempionatına medallar uğrunda 8 güləşçimiz mübarizə aparacaq. Gün ərzində gərgin məşqlər keçirik. Güləşçilərimizə güvənirəm. Ən azı 3 qızıl medal qazanmaq iddiasındayıq”.

Güləşçilərimizin Xaçmaz Olimpiya İdman Kompleksində hazırlığı avqustun 6-dək davam edəcək. Ayın 8-də isə idmançılarımız Braziliyaya yollanacaqlar.

AZƏRTAC

Xəbər 661 dəfə oxundu.