"İnter"in Premyer Liqadakı ilk oyunu təxirə salına bilər
"İnter" klubu Peşəkar Futbol Liqasına müraciət edəcək. Baş məşqçi Zaur Svanadze Azərbaycan Premyer Liqasının yeni mövsümündə "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri ilk turun görüşünün təxirə salınmasını xahiş edəcək.

Məşqçinin sözlərinə görə, avqustun 6-da Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubunu qəbul edəcək "İnter"in üç gün sonra çempionat matçına çıxması çətinlik yaradacaq. Ona görə oyunun başqa tarixə keçirilməsi gözlənilir.

Qeyd edək ki, "İnter"in "Xəzər Lənkəran"la oyunu təqvimə əsasən avqustun 9-da, Lənkəranda keçirilməlidir.

Xəbər 892 dəfə oxundu.