“Qarabağ”dan növbəti transfer
“Qarabağ” qış fasiləsində 2-ci transferini reallaşdırıb. İdman.com.az saytının məlumatına görə, Ağdam təmsilçisi Vaqif Cavadovun ardından daha bir yerli futbolçu - Eltun Yaqublunun keçidini həll edib. 20 yaşlı istedadlı gənc “Neftçi”dən transfer edilib. Ampulaca müdafiəçi olan Yaqublu ilə 3 illik müqavilə imzalanıb.
Artıq Antalyada “ağlar”ın düşərgəsinə gələn futbolçu bu gün komanda ilə ilk məşqinə çıxıb.

Gənc müdafiəçi klubun rəsmi saytına açıqlamasında bildirib ki, onu çətin rəqabət gözləsə də, səylə çalışıb vaxtını gözləyəcək: “Qarabağ” kimi böyük camiəyə gəldiyimə görə xoşbəxtəm. Yerli futbolçuların üstünlük təşkil etdiyi, baxımlı futbol oynayan və Azərbaycanın sevimli komandasındayam. Özümü heç də yad hesab etmirəm. Əksər futbolçularla əvvəlcədən tanışam. Qurban Qurbanov kimi gənclərə üstünlük verən baş məşqçiylə işləyəcəyimə görə həyacanlıyam. Bilirəm ki, məni burda çətin rəqabət gözləyir. Məşqlərdə səylə çalışıb zamanımı gözləyəcəm”.

Qeyd edək ki, Antalyada hazırlıqlarını davam etdirən “Qarabağ”ın bu gün ilk çalışması yerli vaxtla 11:00-da baş tutub. Məşqdən öncə komandamının baş məşqçisi Qurban Qurbanov futbolçulara 22 il bundan öncə baş vermiş 20 yanvar faciəsi haqqında danışaraq, müstəqilliyimiz yolunda baş verən qanlı hadisənin tariximizdə böyük rol oynadığını bildirib. 100-dən çox insanın şəhid olduğunu deyib. Şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Ardınca günün ilk məşqi başlayıb. Rəşad Sadıqov qaçmaqla kifayətlənib. Dizində müəyyən ağrılar olan Qara Qarayev isə həkim nəzarətində çalışıb. Daha çox fiziki hazırlığa yönələn çalışma sonunda toplu çalışmalar da baş tutub. Komanda sabah ilk yoxlama oyununa çıxacaq. Qazaxıstanın “Taras” klubu ilə baş tutacaq matç 17:00-da start götürəcək.

Xəbər 1175 dəfə oxundu.