Gənclər və İdman Nazirliyi neqativ hallara qarşı ciddi mübarizə aparır
Fevralın 24-də Gənclər və İdman Nazirliyində geniş kollegiya iclası keçirilib. Nazirliyin kollegiya üzvlərinin, şöbə müdirlərinin, rayon və şəhər gənclər və idman idarələri rəislərinin, eləcə də tabe təşkilatların rəhbərlərinin iştirak etdiyi tədbiri kollegiyanın sədri, nazir Azad Rəhimov açaraq bildirdi ki, iclasın gündəliyində yalnız bir məsələ var: "Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın 27 yanvar 2011-ci il tarixli iclasında verilmiş tapşırıqların icra vəziyyəti".
Azad Rəhimov əvvəlcə, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın 27 yanvar 2011-ci il tarixli iclasında verilmiş tapşırıqların icra vəziyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, mərkəzi icra hakimiyyəti orqanı kimi Gənclər və İdman Nazirliyi həmişə korrupsiya və rüşvətxorluq kimi neqativ halların təzahürünə qarşı mübarizə aparıb, mütəmadi olaraq bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirib.
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi (2007-2011-ci illər) ilə bağlı Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə nazirliyin 29 aprel 2008-ci il tarixli əmri ilə nazirlik aparatının 7 nəfər vəzifəli şəxslərindən ibarət İşçi qrupu yaradılıb. Korrupsiya hüquqpozmalarının qeydə alınması və araşdırılması məqsədi ilə nazirlikdə qaynar xətt yaradılıb. Ötən müddət ərzində nazirliyin qaynar xəttinə bu məsələ ilə əlaqədar əsaslı məlumatlar daxil olmayıb.
Bundan başqa, mütəmadi olaraq, nazirliyin nəzdində fəaliyyət göstərən idman məktəblərində, tədris müəssisələrində korrupsiya hallarının təzahürünə qarşı ciddə əməli tədbirlər həyata keçirilir.
Ölkə başçısının müvafiq tapşırıqlarına, qüvvədə olan təlimatlara uyğun olaraq, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işini təkmilləşdirmək üçün nazirliyin geniş aparat müşavirəsi keçirilib, vəzifələr müəyyənləşdirilib.
2010-cu il müddətində rəhbərlik tərəfindən 9527 nəfər vətəndaş qəbul edilərək dinlənilib. Müraciətlərin əksəriyyəti gənclər siyasəti və idmanla bağlı olub.
Xüsusi nəzarətə alınan müraciətlər və onların icrası haqqında müntəzəm olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Kabinetinə operativ surətdə məlumatlar verilib.
Nazirliyin tabeliyindəki təsərrüfat hesablı qurumlarda göstərilən xidmətlər barədə bağlanılan müqavilələrin tam şəffaf olması, neqativ hallara yol verilməməsi, vətəndaşlara və hüquqi şəxslərə yüksək səviyyədə xidmətlər göstərilməsi daim diqqət mərkəzində olub, bununla bağlı müvafiq göstərişlər və tapşırıqlar verilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə bağlı şıkayətlərin olmamasına baxmayaraq, burada dövlət və semestr imtahanları və məqbulların gedişinə nəzarət üçün və eyni zamanda, nəzəri və praktik dərslərin aparılması üçün 6 nəfər tərkibdə xüsusi komissiya yaradılıb. Bundan əlavə, rektorluq tərəfindən ayrı-ayrı kafedralarda fərdi söhbətlər aparılıb, imtahan dövründə "qaynar xətt" xidməti təşkil edilib.
Azad Rəhimov xüsusi vurğuladı ki, məhz bütün bu şəffaf fəaliyyətin nəticəsində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən, 2010-cu ildə etik davranış qaydalarını pozmuş dövlət qurumları arasında Gənclər və İdman Nazirliyinin adı yoxdur.
İclasda çıxış edənlərdən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev və nazirliyin regionlarla iş və kadrlar şöbəsinin müdiri Asif Quliyev məsələ ilə bağlı öz fikirlərini bölüşdülər.
Nazirlik aparatının rəhbəri Fuad Hacıyev gündəlikdə duran məsələ ilə bağlı iclas iştirakçılarını Gənclər və İdman Nazirliyi kollegiyası qərarının layihəsi ilə tanış etdi və qərar səsvermə ilə yekdilliklə qəbul edildi.
İclasın sonunda Azad Rəhimov bildirdi ki, nazirliyin strukturuna daxil olan bütün idarə, müəssisə və qurumlar gələcəkdə də öz fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı və ölkə başçısı cənab İlham Əliyevin qarşımızda qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün resursları maksimum dərəcədə səfərbər etməlidirlər.

Xəbər 1573 dəfə oxundu.