Azərbaycan qrossmeysteri “Sardaran Open” şahmat festivalında dördüncü yeri tutub
İranın Urmiya şəhərində keçirilən “Sardaran Open” IV beynəlxalq şahmat festivalı başa çatıb.

16-sı qrossmeyster olmaqla 67 şahmatçının yarışdığı festivalda azərbaycanlı zəka ustaları da mübarizə aparıblar. Yarışda Azərbaycanın idman şərəfini qrossmeysterlər Azər Mirzəyev, Vüqar Rəsulov, beynəlxalq usta Loğman Quliyev təmsil ediblər. Onların rəqibləri Türkiyə, İran, Gürcüstan, Belarus, Norveç, İraq, Ukrayna, ABŞ, Litva və Nigeriya nümayəndələri olublar.

“A” qrupunda yekun turda həmyerlilərimiz Azər Mirzəyev və Vüqar Rəsulov üz-üzə gəliblər. Qarşılaşma Azər Mirzəyevin xeyrinə başa çatıb. Beləliklə, təmsilçimiz aktivinə 6,5 xal yazaraq turnirdə dördüncü yeri tutub. Loğman Quliyev isə 6 xal toplayaraq 7-14-cü yerləri bölüşsə də, əlavə göstəricilərə görə 11-ci yerin sahibi olub. Vüqar Rəsulov isə 5,5 xal toplayaraq yarışı 15-ci yerdə başa vurub.

Festivalın qalibi adını 9 oyundan 7,5 xal toplayan İran şahmatçısı Pouriya Darini qazanıb.

Beynəlxalq yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilib.

Xəbər 807 dəfə oxundu.