“Zirə” futbol klubu Türkiyədəki təlim-məşq toplanışını başa vurub
“Zirə” futbol klubu Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışını başa vurub.

Komanda hazırlıq çərçivəsində son yoxlama oyununda Gürcüstanın güclülər dəstəsinin iştirakçısı “Samtredia” ilə qarşılaşıb. Ötən mövsümü Gürcüstan çempionatını 6-cı sırada başa vuran komanda ilə görüşdə “Samtredia” 3:1 hesabı ilə qalib gəlib. “Zirə”nin heyətində Tato fərqlənib.

“Zirə”nin baş məşqçisi Adil Şükürov bildirib ki, kollektivin qısa müddətdə bərabər olması anlaşma və taktiki gedişlərdə öz təsirini göstərir. Həmçinin ümumi yüklənmə dövründəki yorğunluq da hiss olunurdu. Hazırlaşmaq üçün çox az vaxtımız olub. Ancaq ümumilikdə oyun planı və fiziki hazırlıq baxımından müəyyən məqsədə nail olduğumuzu deyə bilərəm. Heyətin tam formalaşması müəyyən qədər vaxt apardı. Legionerlər toplanışın son günlərində bizə qoşuldular. Onlardan biri isə Bakıda komandanın düşərgəsində olacaq. Çalışacağıq ki, Premyer Liqanın startinadək mümkün qədər yaxşı hazırlaşaq. Oyuna gəlincə, yoxlama görüşlərində nəticə önəmli deyil. Taktiki tapşırıqlarla yanaşı, futbolçulara mümkün qədər ehtiyatlı oynamağı tövsiyə etmişdim. Qarşılaşmadan əvvəl də onlara dedim ki, nəticə önəmli deyil. Siz mənə çempionatın startına tam hazır vəziyyətdə, zədəsiz lazımsınız. Kiçik zədələri nəzərə almasaq təlim-məşq toplanışını itkisiz başa vurduğumuzu deyə bilərəm”.

Ərzurum toplanışını başa vuran “Zirə” iyulun 30-da Vətənə qayıdacaq.

Xəbər 871 dəfə oxundu.