Çİmərlik futbolu üzrə Zirvə Kuboku keçirilib
“Zirvə” Beynəlxalq İdman Klubu ağır atletika ilə yanaşı, digər idman növlərinə də diqqət ayırması ilə seçilir. Cüdo, gimnastika və futbol komandalarımız mütəmadi olaraq istər ölkədaxili, istərsə də beynəlxalq yarışlarda uğurla iştirak edirlər. Eyni zamanda, klubumuz müxtəlif yarışlar təşkil edərək bütün növlərin inkişafını təmin etməyə çalışır. Bugünlərdə AAAF Park Astara ərazisində yeni salınan çimərlik futbolu meydançasında Cənub Regional Futbol Federasiyası və ”Zirvə” BİK-in birgə təşkil etdikləri “Zirvə Kuboku” da bu qəbildəndir.

Turnirdə Lənkəran, Masallı, Cəlilabad, Lerik və Bakı şəhərini təmsil edən idmançılar iki yaş qrupu – 2002 və 2003-cü il təvəllüdlü – üzrə mübarizə aparıblar. Kubokda 14 komanda çıxış edib. Turnir Olimpiya sistemi ilə keçirilib.

2002-ci il təvəllüdlü yeniyetmələrin yarışının finalında Lənkəranın “Zirvə” komandası cəlilabadlı həmyaşıdlarına qalib gələrək Kuboka sahib çıxdılar.

2003-cü il təvəllüdlü yeniyetmələrin yarışının finalında isə Bakı təmsilçiləri lənkəranlı həmklublarına qalib gələrək Kuboku başları üzərinə qaldırdılar.

Təşkilatçılar tərəfindən qalib və mükafatçılara xatirə medalları və diplomlar təqdim edildi. Qeyd edildi ki, yüksək səviyyədə təşkil olunan bu yarışın ənənəvi xarakter alması planlaşdırılır.

Xəbər 929 dəfə oxundu.