“Sevinc” kuboku uğrunda Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə futbol üzrə “Sevinc” kuboku uğrunda Bakı birinciliyi keçirilib.

Yarışda Bakının 11 rayonunu təmsil edən komandalar yarışıb.

Birinci yaş qrupu üzrə (2002-2003-cü il təvəllüdlülər) yarışın yarimfinalında Yasamal rayonun məktəbliləri 2:0 hesabı ilə Xəzər rayonundan olan şagirdləri məğlub ediblər. Suraxanı məktəbliləri isə binəqədili şagirdlərə qalib gəliblər - 3:1. Final görüşündə Yasamal məktəbliləri 4:1 hesabı ilə qalib gələrək birinci olublar. Üçüncü yer uğrunda oyunda isə Xəzər rayonunun şagirdləri 2:0 hesabı ilə qalib gəliblər.

2004-2005-ci il təvəllüdlülər arasında yarışın yarımfinalında isə Xətai rayonunun məktəbliləri suraxanılı rəqiblərini 3:1, Nərimanov rayonunun komandası isə 2:0 hesabı ilə xəzərli şagirdləri məğlub ediblər. Nərimanov rayonunun təmsilçiləri finalda Xətai rayonunun komandasını 1:0 hesabı ilə məğlub edərək qalib olublar. Üçüncü yerə isə Suraxanı məktəblilərini məğlub edən Xəzər rayonunun komandası çıxıb.

Qaliblərə kubok, xatirə hədiyyələri və diplomlar təqdim edilib.

Xəbər 899 dəfə oxundu.