“Qəbələ” komandası Kipr təmsilçisi “Apollon” ilə keçirəcəyi ilk oyunun hazırlıqlarına başlayıb
“Qəbələ” komandası UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsində qarşılaşacağı Kipr təmsilçisi “Apollon” ilə ilk oyunun hazırlıqlarına başlayıb. İkinci təsnifat mərhələsində Bakıda Serbiyanın “Çukariçki” komandası üzərində 2:0 hesablı qələbədən sonra ikigünlük istirahətə buraxılan “Qəbələ” futbolçuları paytaxtda hazırlıq üçün toplaşıblar.

Komandanın məşqi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilir. Roman Qriqorçukun yetirmələri isinmə hərəkətlərindən sonra topla məşq ediblər. Komandanın məşqinə bütün futbolçular qatılıb.

“Apollon” - “Qəbələ” oyunu iyulun 30-da Bakı vaxtı ilə saat 22:00-da Larnakadakı “Antonis Papadopulos” stadionunda başlayacaq.

“Qəbələ”nin keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Səfərdəki qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sergey Boyko olacaq. Matçda ona həmyerliləri Aleksandr Korniyko, Vladimir Volodin və Anatoli Abdula kömək edəcəklər. Görüşün UEFA nümayəndəsi Ronen Herşko (İsrail), hakim-inspektoru isə almaniyalı Eugen Striqel olacaq.

Avqustun 6-da keçiriləcək cavab oyunu Bakıdakı “Bakcell Arena”da təşkil olunacaq. Oyun saat 21:00-da başlayacaq.

Xəbər 750 dəfə oxundu.