Qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirində 18 şahmatçı liderlik edir
Xəbər verdiyimiz kimi, Bakıda görkəmli şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turniri başlayıb.

Bakıdakı 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparır.

Beynəlxalq turnirdə ikinci tur artıq başa çatıb. İki turdan sonra Azərbaycan, Gürcüstan və İranı təmsil edən 18 şahmatçı 2 xal toplayaraq irəli çıxıblar. Beynəlxalq turnirin 16 iştirakçısı liderlərdən yarım xal geridə qalır.

Yarışlarda Azərbaycan şahmatçıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan və Fransa təmsilçiləri də iştirak edirlər. Turnirin reytinq favoriti keçənilki yarışın bürünc mükafatçısı olan azərbaycanlı şahmatçı Məhəmməd Muradlıdır (2052).

Beynəlxalq turnirin baş hakimi FİDE hakimi Cavanşir Bağırovdur.

Memorialın qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Birinci yeri tutan şahmatçı, eyni zamanda, “Baku Open

2015”, gümüş mükafatın sahibi isə “Nakhchivan Open 2015” beynəlxalq şahmat festivallarında ödənişsiz olaraq qalmaq imkanı əldə edəcəklər. Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də təltif olunacaq.

Xəbər 768 dəfə oxundu.