Bakı gələn il gimnastika növləri üzrə 3 Dünya Kuboku yarışına ev sahibliyi edəcək
Helsinkidə Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) bildiriblər ki, görüş çərçivəsində gimnastika dünyasında alınmış vacib qərarlarla yanaşı, 2016-cı ildə Dünya Kuboku mərhələsi yarışlarının keçiriləcəyi məkanlar da təsdiqlənib.

AGF-nin Bakıda 3 Dünya Kuboku yarışının keçirilməsi ilə bağlı irəli sürdüyü namizədlik təsdiqlənib və Prezident Komissiyasının üzvləri bu yarışların təşkilini federasiyamıza həvalə edib.

Beləliklə, Bakı idman gimnastikası üzrə “Challenge Cup” seriyasından olan Dünya Kubokunun nümayəndə heyətlərini 2016-cı ilin 19-21 fevral tarixlərində qəbul edəcək. İdman gimnastikasının ardınca, 5-6 mart tarixlərində dünyanın tanınmış batutçuları Bakıda təşkil olunacaq Dünya Kuboku yarışında mübarizə aparacaqlar. Qeyd edək ki, Bakı 2016-cı ildə sözügedən bu iki gimnastika növü üzrə Dünya Kuboku yarışlarını qəbul edəcək ilk şəhər olacaq. Bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi isə “Rio- 2016” Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də reallaşacaq.

Artıq 2003-2005-ci illərdə ölkəmizdə təşkil olunmuş bədii gimnastika üzrə Dünya Kuboku mərhələlərindən fərqli olaraq, idman və batut gimnastikası üzrə bu növ yarışlar ölkəmizdə ilk dəfə keçiriləcək.

Xəbər 759 dəfə oxundu.