“Qəbələ” klubunun baş məşqçisi: Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm
Oyunu izləməyə gələn bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Dəstəyə böyük ehtiyacımız var idi. Sevindirici haldır ki, bu gün stadionda təkcə “Qəbələ” azarkeşləri bizi dəstəkləmirdi. Burada bütün Azərbaycan birləşmişdi. Bu da Azərbaycan xalqının gücünü və birliyini göstərir. Bu, mənim hədsiz xoşuma gəldi.

Bu sözləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” - “Çukariçki” (Serbiya) oyunundan sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis qeyd edib: “Azarkeşlərimizin böyük dəstəyini görəndən sonra onların ümidlərini doğrultmamaq ehtimalından qorxurdum. Sevinirəm ki, hər şey istədiyimiz kimi bitdi. Stadiona gəlib bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Yaxşı oyun göstərdik. Taktiki cəhətdən ağıllı oynayıb, daha hərəkətli olduq, xarakter nümayiş etdirdik. Komandamızın meydana ancaq qələbə qazanmaq üçün çıxdığı hiss olunurdu. Mənim üçün vacib olan komanda oyunu göstərməyimiz idi. “Çukariçki” ilə cavab qarşılaşmasında meydanda əsl komanda var idi”.

Qeyd edək ki, “Bakcell Arena”da keçirilən “Qəbələ” - “Çukariçki” oyunu Azərbaycan klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb və “Qəbələ” klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Xəbər 788 dəfə oxundu.