Qadın hokkeyçilərimiz finala çıxa bilmədilər
İyulun 18-dən Çexiya Respublikasının paytaxtı Praqa şəhərində qadın və kişi otüstü hokkeyçilərdən ibarət milli komandaların iştirakı ilə start götürən Avropa çempionatının “Trofi” yarışları şənbə və bazar günləri başa çatacaq. Şənbə günü qadınların, bazar günü isə kişilərin mübarizəsinə yekun vurulacaq. Təəssüf ki, AÇ millilərimiz üçün oqədər də uğurlu alınmadı. Daha dəqiq desək, əsas məsələ finala çıxmaqla yüksək dəstəyə vəsiqə qazanmaq idi və komandalarımız bu vəzifənin öhdəsindən gələ bilmədilər. Kişilərdən fərqli olaraq qadın hokkeyçilərimiz bu istəyə çox yaxın idilər. “B” qrupunun qalibi olan (Avstriya və Uels yığmaları üzərində qələbə və belaruslarla heç-heçə) Azərbaycan millisi dünən yarımfinal görüşündə digər qrupda 2-ci yeri tutan Çexiya komandası ilə qarşılaşıb. Doğrusu həmin görüşdən əvvəl mütəxəsisslərdən heç biri rəqiblərdən hər hansı birinə üstünlük verməyə çətinlik çəkirdi. Matçın gedişi də mülahizələri təsdiq edirdi.

Oyunun ilk yarısında tərəflərdən heç biri qol vura bilməyib. 48-ci dəqiqədə meydan sahibləri hesabı açsalar da 1 dəqiqə sonra Fəridə Məmmədova görüşdə bərabərliyi təmin edib. 61-ci dəqiqədə cərimə zərbəsi vurmaq hüququ qazanan çexlər standart vəziyyətdən yenidən hesabda irəli çıxıblar. Qalan 9 dəqiqə ərzində Azərbaycan hokkeyçilərinin qol vurmaq istəyi bir nəticə verməyib və yarımfinal matçı 2:1 hesabı ilə Çexiya millisinin xeyrinə başa çatıb. Bu qələbədən sonra finala çıxan çexlər həm də növbəti mövsüm Avropa çempionatının 8 ən güclü komandası ilə birgə yarışmaq hüququ qazanıb. Dünən digər finalçı “A”qrupunun qalibi İrlandiya və “B” qrupunda 2-ci yeri tutan Belarus yığmaları arasında keçirilən yarımfinal oyununda aşkar olunub. İrlandiya təmsilçiləri 4:0 hesabı ilə qalib gələrək yenidən qitənin ən güclüləri sırasına qayıdıblar.

Sabah Bakı vaxtı ilə saat 15.45 dəqiqədə həmyerlilərimiz qitə çempionatının III yeri uğrunda Belarus komandası ilə görüşəcək(Bu komandalar qrup mərhələsində də qarşılaşmışdılar və oyun 4:4 hesabı ilə nəticələnmişdi). Həmin matçdan sonra finalda İrlandiya və Çex Respublikasının hokkeyçiləri görüşəcək.

Dünən V-VIII yerlər uğrunda mübarizə aparan komandalar da Pley-Off oyunlarını keçiriblər. Nəticələr belədir: 4A Ukrayna –Avstriya 4B – 2:1 , 3A Fransa – Uels 3B – 0:0. Sabah məhz bu 4 komanda arasındakı Fransa –Avstriya və Uels –Ukrayna matçlarından sonra axırıncı iki yeri tutan iştirakçılar “Trofi” divizyonunu tərk edəcəklər. Sonda onu da xatırlatmaq istəyirik ki, 2013-cü ilin iyul ayında qadın hokkeyçilərimiz Fransanın Kambrai şəhərində keçirilən anoloji yarışda da eyni nəticə göstərmiş və III yer uğrunda meydan sahiblərinə qalib gələ bilmişdilər. Gərgin keçən oyunun əsas vaxtı 4:4 hesabı ilə nəticələndiyindən qalibi aşkar etmək üçün penalti(bullit) seriyasından istifadə edilib. Qadın hokkeyçilərimiz son imkandan məharətlə istifadə edərək Avropa çempionatının “bürünc” medalına layiq görülmüşdülər. Əgər finala çıxmaq baş tutmayıısa, bu dəfə də III yerə layiq görülmək qənaətbəxş nəticə sayıla bilər. Bu gün qadınlardan ibarət komandalar istirahət etdikləri bir vaxtda kişi otüstü hokkeyçilər Pley-Off oyunlarını keçirirlər.

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi qrupda III yeri tutduğuna görə V-VIII yerlər uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Həmyerlilərimiz Bakı vaxtı ilə saat 13.15 dəqiqədə Ukrayna yığması ilə qarşılaşacaq

Xəbər 2451 dəfə oxundu.