Fövqəladə Hallar Nazirliyinin qurumları arasında keçirilən atıcılıq üzrə çempionata yekun vurulub
İyulun 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş atıcılıq üzrə növbəti çempionat keçirilib.

FHN-in Akademiyasında keçirilən yarışa hər birində iki iştirakçı olan 21 komanda qatılıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 10 metr məsafəyə pnevmatik tapançadan 3 sınaq və 10 məqbul atışı olub.

Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Yavuz Eminbəyli olub. Atış xəttinə isə beynəlxalq dərəcəli hakim Yusif Abdullayev nəzarət edib.

Komanda hesabında birinci yeri Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yeri FHN-in Aparatı, üçüncü yeri isə nazirliyin Akademiyası tutub.

Şəxsi hesabda birinci yerə Vaqif Pişiyari (DSXX), ikinci yerə Elçin Əhmədov (FHN-in Aparatı), üçüncü yerə Adil Səfərov (DSXX) layiq görülüb.

Qaliblərə diplom, fəxri fərman, kubok və hədiyyələr təqdim olunub.

Tədbirdə klubun rəisi Füzuli Musayev atıcılıq üzrə çempionata marağın hər il gedərək artığını bildirərək deyib: “Sevindirici haldır ki, bu yarışa bir qadın iştirakçı da qatılıb. Hər çempionatda mübarizə və həyəcan artır. Sabah növbəti üzgüçülük çempionatı keçiriləcək. Sentyabrda isə bizi daha böyük turnir – səmti müəyyənetmə üzrə çempionat gözləyir”.

AZƏRTAC

Xəbər 1111 dəfə oxundu.