İdman ictimaiyyəti bu dəfə stadiona toplaşdı
Ölkəmiz 5 Mart - Bədən tərbiyəsi və idman gününü 6-cı dəfə qeyd etdi. Sözsüz ki, bu şanlı səhifə 6 il öncə deyil, daha əvvəl yazılıb. 1995-ci ilin 5 martında ulu öndərimizin idmançılarla və idman ictimaiyyətinin nümayəndələri ilə ilk görüşü bu sahədə hadisələrin sonrakı gedişinə köklü təsir göstərmişdi Məhz həmin tarixi görüşdə idmana xüsusi qayğını öz üzərinə götürdüyünü bəyan edən Prezident Heydər Əliyevin bu sahəyə fərqli diqqəti idman və xüsusən də olimpiya zəfərlərimizin təməli sayılmalıdır. Buna görə də o tarixi görüşdən düz 10 il sonra, 2005-ci il martın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 5 mart Bədən tərbiəsi və idman günü elan edilib.
Tarixi 16 il bundan öncəyə söykənən həmin əlamətdar görüşdən qısa bir zaman sonra ölkəmizdə bədən tərbiyəsi və idman, əsasən də Azərbayan Milli Olimpiya Hərəkatı yeni vüsətlə geniş şəkildə yayılmağa başladı. Bu məsələdə, əlbəttə, 1997-ci il iyulun 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilərək, başqa MOK-lar üçün nümunə ola biləcək uğurlu fəaliyyəti də qeyd edilməlidir.
Nailiyyətlərin ən böyük göstəricisi beynəlxalq arenadakı uğurlardır. Bunun üçün təkcə elə hər dördilliyin hesabat anı olan olimpiya oyunlarındakı nəticələrdən danışmaq, hər birindən nümunələr çəkmək yetər. Lakin ölkənin idman nüfuzu, həm də onun uğurlarına aparan yol tək bununla müəyyənləşmədi. Maddi-texniki bazanın və strukturun möhkəmləndirilməsinin - yeni idman qurğuları tikilməsi, köhnələrin təzələnməsi, müxtəlif səviyyələrdə beynəlxalq yarışların təşkili və keçirilməsinin də öz yeri və çəkisi var. Bütün bunlar Azərbaycan idmanının bugünkü uğurlarının təməli və əsasıdır.
1995-ci ilin 5 martında Prezident Heydər Əliyevin imzaladığı sərəncamla ilk dəfə ölkəmizin idman ictimaiyyətinin nümayəndələri "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edildilər. Bu da dönüşün ən təsirli məqamlarından biri idi: "İdmana və idmançıya qayğını öz üzərimə götürürəm" - bu, sabaha açılan pəncərə idi. Həmin tarixdən 16 il ötür. Bu müddət ərzində Azərbaycan Prezidenti idmana qayğını özündə ehtiva edən nə az, nə çox - 100 fərman və sərəncam imzalayıb.
Bədən tərbiyəsi və idman sahəsindəki xidmətlərinə görə 36 nəfər “Şöhrət" ordeninə, 96 nəfər “Tərəqqi" medalına, 19 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə" medalına, 6 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na, 12 nəfər Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünə, 34 nəfər Prezidentin fərdi təqaüdünə, 89 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi", 42 nəfər “Əməkdar müəllim", 9 nəfər “Əməkdar jurnalist" fəxri adlarına layiq görülüb. Yüzlərlə idmançının sosial problemləri ən yüksək səviyyədə həll olunub. İdmançılarımız da bu qayğını nəticəsiz qoymayıblar. Tarixi görüşdən ötən 16 il ərzində 1501-i qızıl, 1156-sı gümüş, 1621-i bürünc olmaqla - ümümilikdə 4278 medal qazanıblar. Bu sıraya 16 olimpiya medalını da fəxrlə əlavə etmək olar. Uğurlar ilbəil daha yüksək templə artır və sözsüz ki, bu rəqəmlər də yüksələcək. Bir sözlə, hər 5 mart yeni uğurların hesabatıdır.
Bu gün geri dönüb, o qədər də böyük tarixi olmayan bu proseslərə nəzər yetirdikdə, tam əminliklə söyləmək olar ki, idman ictimaiyyətimizin öz bayramını fəxrlə qeyd etməyə haqqı çatır.
Ötən şənbə qeyd edilən Bədən tərbiyəsi və idman günü əvvəlkilərdən həm də məkanına görə fərqləndi. Ənənə üzrə, idman ictimaiyyətinin nümayəndələri həmin gün əvvəlcə Fəxri Xiyabana toprlaşdılar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andılar, məzarı üzərinə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzdülər.
Bundan öncəki illərdə dənizkənarı bulvarda təşkil edilən müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar bu dəfə ünvanını Tofiq Bəhramov adına Respublika Stadionuna dəyişmişdi. Stadionun önündə Gənclər və İdman Nazirliyinin müxtəlif federasiyalarla birgə təşkil etdiyi tədbirə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, bir çox federasiyaların, idman cəmiyyətlərinin rəhbərləri, eləcə də Böyük Britaniyanın, Yunanıstanın, Niderlandın, Almaniyanın Azərbaycandakı səfirləri qatılmışdılar.
Böyük Britaniyanın ölkəmizdəki səfiri xanım dr. Karolin Braunun tədbirə idmançı geyimində gəlməsi yüksək olan bayram əhval-ruhiyyəsini bir az da artırdı.
Tədbir gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovla Milli Olimpiya Komitəsinin vitse-prezdenti Çingiz Hüseynzadənin idman veteranlarına xüsusi hədiyyələri təqdim etmələri ilə başlandı. Ardınca müxtəlif idman növləri üzrə təşkil edilmiş nümunəvi çıxışlara baxış oldu.
Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə bir qrup idman mütəxəssisi respublikanın "Fəxri bədən tərbiəsi və idman işçisi" adına layiq görüldü. Təltif edilənlərə müvafiq vəsiqələr də elə burada təqdim edildi.
Nazir müavini İsmayl İsmaylov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmanın inkişafından, idmançılarımızın beynəlxalq səviyyədə uğurlarından danışaraq, bu əlamətdar gün münasibətilə idman ictimaiyyətini təbrik etdilər.
Tədbir Britaniyanın ölkəmizdəki səfirliyinin AGİN-lə birgə stadion ətrafında təşkil etdiyi qaçışla başa çatdı. 500 nəfərin iştirak etdiyi tədbirdə qaçanlar arasında Böyük Britaniyanın, Yunanıstanın, Niderlandın, Almaniyanın Azərbaycandakı səfirləri də var idi.
Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 2012-ci ildə Londonda keçiriləcək olimpiya və paralimpiya oyunları çərçivəsində "Son 500 gün" adlı kampaniyaya start verib. Kampaniya çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər nəzərdə tutulub.
Fevralın 23-dən martın 10-dək birgə onlayn müsabiqə təşkil edilir. Səfirliyin internet səhifəsində (www.ukinazerbaijan.fco.gov.uk) yerləşdirilən 15 sualı düzgün cavablandıran ilk 3 iştirakçıdan biri Londonda keçiriləcək olimpiya oyunlarında iştirak etmək üçün 2 pulsuz bilet və Londona 2 aviabilet qazanacaq.
Bundan əlavə, Britaniya səfirliyi və "British Council" Bakıdakı 10 orta məktəbdə 8-13 yaşlı qrupdan olan uşaqlar arasında olimpiya festivalı keçirir.
Hər üç tədbirlə bağlı qaliblər martın 14-də Bakı Biznes Mərkəzində keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.
Bəli, 5 Mart - Azərbaycanda Bədən tərbiyəsi və idman günüdür. Bu münasibətlə ölkə idmançılarını, mütəxəssisləri, bu sahədə çalışan hər kəsi, idmansevərləri, ümumiyyətlə, bütün idman ictimaiyyətini təbrik edir və “Bayramınız mübarək olsun!" deyirik.

“İdman"

Xəbər 1414 dəfə oxundu.