Velosipedçimiz Çində üçüncü yeri tutub
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” Çində keçirilən sayca 14-cü “Tour de Qinghai Lake” yürüşündə iştirakını davam etdirir.

Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir. Həmin komandaların biri dünya turu, üçü pro-kontinental və 18-i kontinental klubdur.

Yarışın ən ağır dağ mərhələlərindən biri kimi xarakterizə olunan 190 kilometrlik 7-ci günündə komandamızın üzvlərindən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb. O, finişi mərhələ qalibi, İtaliyanın “Lampre-Merida” dünya turu komandasının üzvü İlya Koşevoydan 55 saniyə sonra keçərək üçüncü yeri tutub. Bu isə velosipedçimizə ümumi təsnifatda 9-cu yeri qorumağa imkan yaradıb. Hazırda Matey Müqerli liderə 3 dəqiqə 36 saniyə uduzur.

Yeddi mərhələdən sonra komanda hesabında “Synergy Baku” altıncı pillədəki mövqeyini qoruyur. Sabah – iyulun 12-də iştirakçılar 126 kilometr məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.

Xəbər 730 dəfə oxundu.