Serbiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti: “Bakı-2015” fantastik idman tədbiri idi
Belqradda ilk Avropa Oyunlarının yekunlarına dair keçirilmiş mətbuat konfransında yarışlarda uğurla çıxış edən Serbiya komandasının nəticələri diqqət mərkəzində olub.

Tədbirdə çıxış edən Serbiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zarko Paspalj ölkəsinin “Bakı-2015”də uğurla təmsil olunduğunu və nəticələri təqdirəlayiq hesab etdiyini bildirərək deyib: “Əminəm ki, “Bakı-2015”in fantastik bir idman tədbiri olduğu və dünya idman tarixində yeni bir səhifə açdığı fikri ilə hamı razılaşar. Çox şadam ki, serbiyalı idmançılar da bu yarışlarda iştirak edirdilər. Onların bu Oyunlardakı nəticələri barədə qürurla danışa bilərik. Bütün idmançılarımızı təbrik edirəm. Bu nailiyyətlərin davamının gələcəyinə heç şübhə etmirəm”.

Komitənin baş katibi Dorde Visaçki Avropa Oyunlarının digər qitələrin bu formatda keçirilən yarışları ilə müqayisədə daha möhtəşəm təşkil olunduğunu, böyük əks-səda doğurduğunu deyib: “Yarışlarda Serbiya komandası 15 medal qazanmaqla böyük uğura imza atdı. İdmançılarımızın vətənə medallarla qayıdacağına əmin idik. Əlli ölkə arasında 12-ci yerdə qərarlaşmaq böyük uğurdur. Bu yarışlardan topladıqları təcrübə ilə idmançılarımız digər beynəlxalq turnirlərə böyük həvəslə hazırlaşacaqlar. “Bakı-2015”i hər hansı idman üzrə keçirilən Avropa çempionatları ilə müqayisə etmək düzgün deyil. Çünki bu, çoxnövlü və yeni formatda bir idman tədbiridir və məsuliyyəti daha böyükdür. Əminəm ki, idmançılarımız ilk Avropa Oyunlarında uğur qazanmaqla özlərində böyük inam hiss etdilər”.

“Bakı-2015”də kişilər arasında 50 metr məsafədən tapança və 10 metr məsafədən hava tapançası ilə atəşaçma yarışlarının qalibi Mikaç Damir Oyunlarla bağlı təəssüratlarını bu sözlərlə bölüşüb: “Azərbaycanda Avropa Oyunlarının keçiriləcəyi xəbərini eşidəndə çox sevindim. Yarışlarda əlimdən gələni əsirgəməməyə çalışdım və iki qızıl medal qazanmaqla hədəfimə nail oldum. “Bakı-2015” ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu Oyunlarda atıcılıq üzrə yarışlarda medal sayına görə ikinci yerdə qərarlaşdıq. Bu, böyük uğurdur. “Bakı-2015” “Rio-2016” Yay Olimpiya Oyunlarına gedən yolda mühüm bir sınaq idi”.

Oyunlarda iştirak edən Serbiya nümayəndə heyətinin başçısı Damir Ştayner deyib: “Yarışlar boyu komandamızda yüksək əhval-ruhiyyə var idi. Bu müsbət ab-havanı növbəti yarışlara da daşımaq yaxşı nəticələr verə bilər”.

AZƏRTAC

Xəbər 1866 dəfə oxundu.