“Dinamo” komandasının baş məşqçisi: Tam əminliklə deyə bilmərəm ki, sabah komandamız istədiyimiz səviyyədə oynayacaq
İyulun 9-da “Qəbələ” futbol komandası Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Tbilisinin “Dinamo” komandası ilə qarşılaşacaq.

“Dinamo” komandasının baş məşqçisi Roman Qriqorçuk iyulun 8-də Qəbələ şəhərində keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, hər şeyin qaydasında olduğunu və sabahkı oyuna hazır olduqlarını bildirib: “Amma tam əminliklə deyə bilmərəm ki, sabah komandamız istədiyimiz səviyyədə oynayacaq. Ancaq Tbilisidəki oyundan az da olsa, daha xoş təsir bağışlamağa çalışacağıq. Biz rəqib komanda olan “Qəbələ”nin hər bir futbolçusu barədə maksimum informasiyaya malikik və hər birinə qarşı necə oynayacağımızı bilirik. Çalışacağıq ki, qələbə qazanaq”.

Qeyd edək ki, iyulun 2-də Tbilisi şəhərində Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu zamanı “Qəbələ” komandası “Dinamo”ya 2:1 hesabı ilə uduzmuşdu.

Xəbər 790 dəfə oxundu.