Xaçmaz rayonunda Live Your Goals festivalı keçiriləcək
İyulun 7-də, saat 19:00-da Xaçmaz Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı təşkil olunacaq.

“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Azərbaycanda “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri 2012-ci ildən keçirilir. Festival həmin il martın 12-də "Dalğa Arena"da, aprelin 30-da Zaqatalada, iyunun 8-də Qubada, iyulun 28-də Şəkidə, avqustun 30-da Masallıda, həmçinin sentyabrın 18-də Bayıl stadionunda müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons iştirak ediblər.

2014-cü ildə isə tədbir Mingəçevir və Sumqayıt şəhərlərində təşkil olunub.

Xəbər 929 dəfə oxundu.