Dağ velosipedi üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib
“Bakı-2015” ilk Avropa Oyunlarının MTB üzrə yarışlarını qəbul etmiş Dağ Velosipedi Parkında idmanın bu növü üzrə açıq Azərbaycan çempionatı keçirilib.

Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə peşəkar idmançıları ilə yanaşı, həvəskar velosipedçilər də mübarizə aparıblar.

Yarışda yeniyetmə və gənclər uzunluğu 2 kilometr olan marşrut boyunca 3, böyüklər isə 6 dövrə vurublar. Nəticədə 15 və 17 yaşadək idmançılar arasında Vüqar Nəsibov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı iki yeri David Proherkus və Yusif Abdullayev tutublar.

Elit, U-23 və gənclər arasında yarışda Aqşin İsmayılov finiş xəttini birinci, Orxan Məmmədov isə ikinci keçib. İlk üçlüyü Musa Mikayılzadə tamamlayıb.

Qaliblər federasiya tərəfindən medal, diplom və pul mükafatları ilə təltif edilib.

Xəbər 755 dəfə oxundu.