Kristian Butariu: “Bakı-2015” ilk Avropa Oyunlarını heç zaman unutmayacağıq
Rumıniya Olimpiya Komitəsinin beynəlxalq əlaqələr departamentinin direktoru Kristian Butariu müsahibəsində “Bakı-2015” ilk Avropa Oyunlarının olimpiya standartlarına uyğun keçirildiyini və açılış mərasiminin bütün kateqoriyalı tamaşaçılar üçün çox maraqlı olduğunu bildirib.

K.Butariu Atletlər Kəndində yaşayan rumın idmançılar üçün yüksək səviyyəli şərait yaradılması, o cümlədən istirahət zonasının bütün tələblərə cavab verməsi barədə danışıb. Azərbaycanda idmana olan diqqəti xüsusi qeyd edən direktor yeni idman infrastrukturunun yaradılması üçün ayrılan vəsaitin Azərbaycan idmanının gələcəyinə yatırılan investisiya kimi dəyərləndirib.

Bakının gözəlliyindən bəhs edən K.Butariu şəhərdə olan ab -hava, xaricilərə və idmançılara olan münasibət, Azərbaycanın milli mətbəxi barədə xoş təəssüratlarını bölüşüb. Deyib ki, Bakı modernləşməni və ənənələrin vəhdətini özündə birləşdirir.

Kristian Butariu “Bakı-2015” Avropa Oyunlarının zəngin təcrübə olaraq rumın idmançılarının və şəxsən onun yadında hər zaman qalacağını vurğulayıb.

AZƏRTAC

Xəbər 1905 dəfə oxundu.