Serbiyalı atletlər “Bakı-2015”də qazandıqları uğurlardan məmnundurlar
Bakıda keçirilmiş ilk Avropa Oyunlarında üzgüçülük yarışları yeni istedadlı idmançıların kəşf edilməsi baxımından da yaxşı fürsət oldu. Bu idmançılardan biri Serbiyanı Oyunlarda təmsil edən 15 yaşlı Anja Crevardır. Qadınlar arasında 400 metr məsafəyə fərdi kompleks üzgüçülük yarışlarında bürünc medal qazanan idmançı nəticəsindən razı qaldığını bildirib. O deyib: “Qarşıma qoyduğum məqsədə nail oldum. Əsas hədəfim bu Oyunlarda medalçılar arasında olmaq idi. Gərgin keçən yarışlarda əldə etdiyim uğur məni çox həvəsləndirdi”.

A.Crevarın məşqçisi Bojan Race sevinc hislərini bölüşərək vurğulayıb: “Gözlədiyimizdən də yüksək nəticə əldə etdik. Bu, gənc üzgüçülər arasında son illərdə Serbiyada qazanılmış ən böyük uğurlardan biridir”

Serbiya Olimpiya Komitəsinin baş katibi Corce Vesaçke də A.Crevarın “Bakı-2015”dəki nəticəsini yüksək qiymətləndirib: “Serbiyalı atletlərin yarışlarda qazandıqları uğurlar bizi məmnun edir. Bu nailiyyətlər növbəti illərdə keçiriləcək önəmli idman tədbirlərində daha yüksək nəticələr göstərmək üçün idmançılarımızı həvəsləndirəcək”.

AZƏRTAC

Xəbər 1978 dəfə oxundu.