Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər
Bakı 2015-in Ulduz Elçiləri, bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.

Avropa Oyunlarına ictima marağın yaradılmasında çox əhəmiyyətli rol oynayan Elçilərin bir çoxu tədbirdə iştirak etdilər və onlara 17 günlük tədbirə göstərdikləri dəstəyin qarşılığı olaraq xatirə hədiyyəsi və sertifikatlar təqdim olundu.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov dedi: “Ulduz Elçilərimiz, Avropa Oyunları üçün yaratdığımız növbəti uğurlu Azərbaycan komandası oldu. Onların bu tədbirə olan maraqları və dəstəkləri Avropa Oyunları haqqında ictimaiyyətin geniş miqyasda məlumatlandırılmasını təmin etməkdə əsas rol oynadı. Mən çox şadam ki, onların müvəffəqiyyətlə başa vurduqları vəzifələrini qeyd etmək üçün tədbir təşkil edə bildik”.

Mükafatları, Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Bakı 2015-in Korporativ direktoru Elçin Səfərov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təqdim etdilər.

Cənab Saymon Kleq Ulduz Elçiləri salamladı və onlara öz ürək sözlərini çatdırdı: “Sizlərin hər biri olduqca məşğul və Avropa Oyunlarını dəstəkləmək üçün öz vaxtını təmənnasız ayıran yüksək nüfuza sahib şəxslərsiniz. Buna görə də, hər zaman sizə minnətdar olacağıq, çox sağ olun. Ulduz Elçilər olaraq, Azərbaycan xalqının bu tədbiri dəstəkləmək üçün ruhlandırılmasında çox mühüm rol oynadınız”.

Yüksək alqışa layiq görülmüş Bakı 2015 Alovqoruyan könüllülərinin bəzilərinin də iştirak etdiyi mərasimdə Bakı 2015-in Ulduz Elçisi Azər Qərib dedi: “Bu 17 gün çox möhtəşəm keçdi. Mən, xüsusi olaraq, 4 məqamı – idmançılarımızın, könüllülərimizin, təşkilatçıların və təhlükəsizlik heyətinin gördüyü böyük işi vurğulamaq istəyirəm. Biz, hər birimiz ölkəmizdə keçiriləcək növbəti idman tədbirlərinin də elçisi olacağımıza ümid edirik!”

Xəbər 1791 dəfə oxundu.