Millimizin yeni basketbolçusu Türkiyədə 1161 xal yığıb
Azərbaycan milli komandasının yeni basketbolçusu Orxan Aydının karyerası xüsusi maraq doğurur. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir, 21 yaşlı həmyerlimiz indiyədək yalnız Türkiyə klublarında çıxış edib.

Hazırda BEKO Basketbol Liqasında mübarizə aparan “Əliağa Petkim” komandasının şərəfini qoruyan Aydın daha öncə qonşu ölkənin “Pertevniyal”, “Darussafaka”, “Gənc Telekom” və “Türk Telekom” klublarında çıxış edib.

O, bu mövsüm transfer olunduğu İzmir təmsilçisinin heyətində 15 matçdan 13-də forma geyinib. Yalnız 2 turda meydana çıxmayan Orxan keçirdiyi görüşlərdə “Əliağa Petkim”ə 71 xal (3) qazandırıb. Ümumilikdə 2 saat 59 dəqiqə meydanda olan 201 sm boya malik basketbolçu ən çox xalı “Antalya BŞB” klubu ilə görüşdə toplayıb. O, bu matçda İzmir təmsilçisinin aktivinə 17 xal yazdırıb.

Qeyd edək ki, Orxan Türkiyənin BEKO və II Liqasında, həmçinin kubok oyunlarında 108 matça çıxıb və ümumilikdə 1161 xala sevinib.

Xəbər 1491 dəfə oxundu.