“SABAH-ın könüllüləri” də “Bakı-2015” ilk Avropa Oyunlarına dəstək olublar
"SABAH" qruplarının könüllüsü kimi biz də “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək göstərmişik. “SABAH-ın könüllüləri” olaraq könüllü komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edib, müxtəlif aksiyalar, fləşmoblar həyata keçirmişik. Təşkil etdiyimiz bütün tədbirlər insanlar tərəfindən maraqla qarşılanıb.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, Təhsil Nazirliyinin “SABAH” qruplarının könüllüsü Azad Axundov söyləyib.

“Bakı-2015” ilk Avropa Oyunlarına könüllü kimi ötən ilin avqustundan qatıldığını söyləyən A.Axundov əvvəlcə ilk Avropa Oyunları Əməliyyat Komitəsində fəaliyyətə başladığını, daha sonra bu möhtəşəm tədbirdə könüllü kimi iştirak etdiyini bildirib.

O deyib ki, könüllülük fəaliyyətim müddətində insanlarla ünsiyyət qurmaq, təşkilatçılıq və idarəetmə sahəsində müəyyən təcrübələr qazandım. Həmçinin, xarici qonaqlarla ünsiyyətdə olmağımız ingilis dilini daha yaxşı öyrənməkdə bizə böyük kömək etdi. Bununla da, tədris prosesində qazandığımız bilik və bacarıqları təcrübəyə tətbiq etməklə tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı qazandıq.

Xəbər 1935 dəfə oxundu.