Covani Malaqo: ”Bakı-2015” idmançılar üçün yeni və faydalı bir təcrübə oldu
İtaliyanın bir sıra aparıcı xəbər agentlikləri “Bakı-2015” ilk Avropa Oyunlarının yekunu ilə bağlı məqalələr dərc edirlər. Yazılarda tədbirin möhtəşəm bağlanış mərasimindən, keçirilmiş yarışlardan, Oyunlarda qazanılmış medallardan bəhs olunur.

Məqalələrdə, həmçinin İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covani Malaqonun Oyunlarla bağlı fikirləri yer alıb. O bildirib ki, yarışlarda İtaliyanı təmsil edən komanda uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, bu ölkə 10 qızıl, 26 gümüş, 11 bürünc medal qazanaraq medalların sayına görə altıncı yerdə qərarlaşıb.

Covani Malaqo deyib: “Yarışların nəticələrindən çox məmnunam. “Bakı-2015” idmançılarımız üçün yeni və faydalı bir təcrübə oldu. Komandamız öz növbəsində gözləntiləri doğrultdu. Bu Oyunlar vasitəsilə bir daha idmanın güclü bir qüvvəyə çevrildiyinin şahidi olduq. “Bakı-2015” vasitəsilə növbəti gərgin turnirlərin öhdəsindən gəlmək üçün güc toplamış olduq. Gələcək Olimpiya Oyunlarında uğur qazanmaq üçün “Bakı-2015” önəmli addım idi. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan və Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək, iştirakçı idmançılara Olimpiya təcrübəsi yaşatdı”.

AZƏRTAC

Xəbər 1819 dəfə oxundu.