Rusiya KİV-ləri: Bakıda birinci Avropa Oyunlarının "möhtəşəm", "rəngarəng", "fantastik" bağlanış mərasimi
Bakıda birinci Avropa Oyunlarının "möhtəşəm", "rəngarəng", "fantastik" bağlanış mərasimi. Rusiya KİV-lərinin çoxu Bakıda Avropa Oyunlarının bağlanış mərasimini bu sözlərlə şərh edir.

Rusiyalı televiziya tamaşaçıları Oyunların bağlanış mərasiminə "Rossiya 2" telekanalı vasitəsilə izləmək imkanına malik olublar.

Məşhur idman şərhçisi Dmitri Quberniyev deyib: "İlk növbədə, qəbul edən tərəfin xidmətlərini vurğulamaq istərdim. Ona görə ki, bu gün Bakıda baş verənlər əsl olimpiya miqyaslı hadisələr idi. Bağlanış mərasimi Oyunların daha bir gözəl, pafoslu və eyni zamanda hamı üçün anlaşıqlı səhifəsi oldu. Bu fantastik mədəni proqrama, ən möhtəşəm Olimpiya standartları səviyyəsində təşkil edilmiş gözəl bağlanış mərasiminə görə sağ ol, Bakı!". D.Quberniyev vurğulayıb ki, bu günlər ərzində Bakı Azərbaycanı məşhurlaşdıran unikal mədəniyyətlərin cəmləşdiyi mərkəzə çevrilib.

TASS informasiya agentliyi bağlanış mərasimindən reportajı "2015-ci il Avropa Oyunlarının bağlanışı: gözəl şou, musiqi nömrələri və Simurq quşunun uçuşu" sərlövhəsi ilə dərc edib. Agentliyin xüsusi müxbiri yazır: "Fəxri qonaqlar – Azərbaycan Prezidenti İlham Əliyev, onun xanımı, Oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki lojalarda əyləşəndən sonra tamaşa başlandı. Ekranda xalça toxuyan qadın göründü. Elə təsəvvür yaranırdı ki, bu xalçanın ilmələri bir yerə toplaşmazdan əvvəl bütün Azərbaycanı ağuşna alir".

"Kommersant" qəzeti yazır: "Birinci Avropa Oyunları hələ uzun müddət Azərbaycanın qürur mövzusu olacaq. Bu janrın indiki real statusu və onun gələcəyi barədə müəyyən skeptisizm olması nəzərə alındıqda belə qürur duymaq üçün sanballı əsaslar vardır". Qəzet daha sonra yazır: "Azərbaycan Avropa Oyunlarının keçirilməsini öz üzərinə götürməklə dünyaya öz "əzələlərini" nümayiş etdirmək üçün daha bir imkan qazandı və məlum oldu ki, bu "əzələlər" heyrətamiz dərəcədə güclüdür".

"Gazeta.ru" saytı çox maraqlı mətn hazırlayıb. Qəzetin xüsusi müxbiri Andrey Kulyanov yazır: "Biz ümid edirik ki, Azərbaycan paytaxtındakı Milli Stadionda tamaşaçıların gördüyü gözəlliyi uzaqdan-uzağa da olsa, şərh edə bilmişik". Müxbir "Xudahafiz, Bakı!" sərlövhəli mətni "Tvitter" sosial şəbəkəsinin istifadəçilərinin səhifələrindən seçilmiş fotoşəkillərlə müşayiət edir. Bu fotoşəkillər Oyunların bağlanış mərasimindən çəkilib.

Xatırladaq ki, "Bakı 2015" birinci Avropa Oyunlarında rusiyalı atletlər 164 medal (79 qızıl, 40 gümüş və 45 bürünc medal) qazanaraq ümumi komanda hesabında şəksiz lider olublar.

AZƏRTAC

Xəbər 2376 dəfə oxundu.