Avropa çempionatının qalibi olan güləşçi qızlarımız Vətənə qayıdıblar
İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatında uğurla çıxış edən qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər. Yığmamız komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla Avropa çempionu adını qazanıb. Güləşçilərimiz qitə birinciliyini 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.

İyunun 27-də Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanma mərasimi olub. Azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılayıblar.

Qadın güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Yaqub Məmmədov deyib ki, yarışda rəqabət çox güclü idi. Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımız da çempionatda mübarizə apardılar. Azərbaycanı təmsil edən qızlar bütün komandaları heyran etdilər. Bizim qızıl medalımız yox idi. Şükürlər olsun ki, keçmiş Avropa və dünya çempionu Səbirə Əliyeva bizə qızıl medal qazandırdı.

Avropa çempionu Səbirə Əliyeva bildirib: “Özümə inanırdım. Çox sevinirəm ki, məşqçilərimin ümidini doğrultdum. İnanıram ki, bundan sonra da qələbələr qazanacağam. Finaldakı rəqibim Ukrayna təmsilçisi idi. Ona böyük üstünlüklə qalib gəldim”.

Çempionatda Rusiya 50 xalla ikinci, Türkiyə millisi isə 40 xalı üçüncü pillədə qərarlaşıb.

Xəbər 759 dəfə oxundu.