Boksçularımız günə qələbə ilə başlayıblar [YENİLƏNİB]
Daha bir qadın boksçumuz yarımfinala adlayıb. Yarışlarda 51-54 kiloqram çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrovanı mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə keçib. Görüş 3:0 hesabı ilə boksçumuzun xeyrinə nəticələnib.

Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmilər arenada qarşılaşmanı izləyiblər.

13:32

İyunun 23-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının səkkizinci gününə qadın idmançıların mübarizəsi ilə start verilib.

Bu gün dörddəbir final mərhələsində 51-54, 57-60, 60-64 kiloqram çəki dərəcəsində qadın, 52, 60, 64, 69 və 91 kiloqram çəki dərəcələrində isə kişi boksçular mübarizə aparacaqlar.

Bu gün Azərbaycanın iki qadın və dörd kişi boksçusu rinqə çıxacaq. İdmançılarımızdan ilk olaraq mübarizəyə 51-54 kiloqramda təmsil olunan Anna Əlimərdanova qoşulacaq. Onun rəqibi bolqarıstanlı Stanimira Petrovadır.

Səhər seansında kişi boksçularımızdan Albert Səlimovun (60 kq) çıxışı maraqla gözlənilir. İdmançımız Bolqarıstan təmsilçisi Elian Dimitrov ilə qarşılaşacaq.

Digər boksçularımız isə rinqə axşam saatlarında çıxacaqlar. Qadınların mübarizəsində ölkəmiz bu dəfə 60-64 kiloqram çəki dərəcəsində Avropa çempionu, dünya çempionatının mükafatçısı Yelena Vıstropova ilə təmsil olunacaq. O, yarımfinala gedən yolda Böyük Britaniya idmançısı Sandi Rayan ilə üz-üzə gələcək.

Kişi boksçularımızdan isə Kollazo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) yarımfinala adlamaq üçün mübarizə aparacaqlar. Onlar müvafiq olaraq rumıniyalı Daniel Nikulesku, almaniyalı Abas Baraou və fransız Pol Omba Bionqolo ilə qarşılaşacaqlar.

Bu gün səkkiz çəki dərəcəsində ümumilikdə 26 görüş keçiriləcək.

AZƏRTAC

Xəbər 739 dəfə oxundu.