XXVI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları ilə görüşdə Prezident Heydər Əliyevin çıxışı
- Əziz gənclər, idmançılar, XXVI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasını təmsil edəcək komandanın üzvləri!
Dünyanın ən böyük, ən mötəbər idman mərasimi olan XXVI Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək üçün sizə göstərilən etimada və əldə etdiyiniz nailiyyətə görə sizi ürəkdən təbrik edir və qarşınızda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram. Siz idman növləri sahəsində Azərbaycan gənclərinin ən seçilmiş və ən yüksək nailiyyətlər əldə etmiş, ən yüksək səviyyələrə çatmış nümayəndələrisiniz. Sayca az da olsanız, ilk dəfə xalqımızı, respublikamızı Olimpiya oyunlarında təmsil edərək bütün Azərbaycanı dünyaya tanıtdıracaqsınız.
İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir. Qədim dövrlərdən indiyə qədər idman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. İdmanla məşğul olan hər bir şəxs həm özünün fiziki sağlamlığını təmin edir, həm də ki, cəmiyyətdə idmanın, bədən tərbiyəsinin insan üçün nə qədər lazımlı olduğunu sübut edir.
Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığı haqqında, fiziki, mənəvi sağlamlığı haqqında düşünürük. Bu gün də düşünürük, xalqımızın gələcəyi üçün də düşünməliyik. Bu bizim vəzifələrimizin içərisində ən böyük, ən əhəmiyyətli vəzifədir.
Azərbaycan xalqı milli azadlığına nail olubdur, dövlət müstəqilliyini əldə edibdir. Azərbaycan xalqı bu gün üçün də, gələcək üçün də müsbət nümunələr göstərməlidir. Müsbət nümunələri isə biz birinci növbədə hər bir insanın və ümumiyyətlə, xalqımızın, millətimizin fiziki və mənəvi sağlamlığında görürük. Bu, dövlətimiz, ölkəmiz üçün, xalqımız, hər bir vətəndaşımız üçün ən vacib məsələdir. Ona görə də biz idmana, fiziki hazırlığa, bədən tərbiyəsinə xüsusi fikir veririk və bu sahə bundan sonra da Azərbaycan dövlətinin daim diqqət mərkəzində olacaqdır. Gənclərə, gələcək nəsillərə idmanın, bədən tərbiyəsinin nə qədər lazımlı olduğunu göstərmək, sübut etmək üçün sizin kimi görkəmli idman ustalarının idman sahəsində yüksək nailiyyətlər əldə etmiş şəxslərin nümunəsi çox gərəklidir.
XXVI Yay Olimpiya Oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya oyunlarında təmsil olunsun. Keçmiş dövrlərdə də Azərbaycanın ayrı-ayrı nümayəndələri Ümumdünya Olimpiya Oyunlarında təmsil olunmuşdular. Bəziləri yüksək nailiyyətlər də əldə etmişdilər. Ancaq onlar keçmiş Sovetlər İttifaqını təmsil etmişlər. Eyni zamanda, Azərbaycan tam müstəqil olmadığına görə keçmişdə Sovetlər İttifaqının ümumi komandasında Azərbaycanın idman ustaları istənilən qədər, istənilən miqdarda heç vaxt təmsil olunmamışdı.
Müstəqil Azərbaycan dövləti gəncdir. Biz müstəqilliyimizin beşinci ilini yaşayırıq. Amma baxın, XXVI Yay Olimpiya Oyunlarına bizim 23 nəfər nümayəndəmiz gedir və onlar orada təmsil olunmaq, iştirak etmək hüququ alıblar. Bu, sadəcə bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsən təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilməz. Olimpiya oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmasa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsində imkanlarını nümayiş etdirir. Keçmiş dövrdə Olimpiya oyunlarında Sovetlər İttifaqının yığma komandasında heç vaxt Azərbaycandan 23 nəfərdən ibarət komanda iştirak etməmişdir. Nə üçün? Əgər həmin Azərbaycan xalqıdırsa, gəncləridirsə, 15-20-30 il bundan qabaq da bu qədər ola bilərdi. Bu onu göstərir ki, müstəqillik bütün başqa sahələrlə yanaşı, Azərbaycan xalqının, gənclərimizin idman, fiziki hazırlıq sahəsində də imkanlarını açır, geniş nümayiş etdirir.
İlk dəfədir ki, dünya Olimpiya oyunlarında müstəqil Azərbaycanın yığma komandası iştirak edir. Mən heç şübhə etmirəm ki, gələn Olimpiya oyunlarında Azərbaycanın yığma komandası sayca bundan da çox, keyfiyyətcə daha yüksək olacaqdır. Çünki xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma bu xüsusiyyət həmişə bizim daxilimizdə qalıbdır. Keçmiş dövrlərdə də əsrlərdən-əsrlərə pəhləvanlarımız da, güləşçilərimiz də, oxatanlarımız da fiziki imkanlarını cürbəcür oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum olan səbəblərə görə, bunlar yalnız öz ölkəmizin çərçivəsində qalıb, dünya miqyasına çıxmayıbdır. İndi isə xalqımızın, millətimizin bu imkanlarını dünyada nümayiş etdirmək fürsəti almışıq. Bu, böyük hadisə, böyük nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm. Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının bununla fəxr etməyə haqqı var.
Əziz idmançılar, Olimpiya oyunlarına yola düşən Azərbaycan komandasının üzvləri, yenə də deyirəm, bu hüququ, haqqı siz özünüz qazanmısınız. Əminəm, siz çalışacaqsınız ki, əldə etdiyiniz bu nailiyyəti XXVI Yay Olimpiya Oyunlarında da məharətlə nümayiş etdirəsiniz.
Şübhəsiz ki, sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Yay Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir. Birinci tərəfi ondan ibarətdir ki, siz XXVI Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək hüququ qazanmısınız və Azərbaycan xalqı adından dünya Olimpiya oyunlarında iştirak edəcəksiniz. Ancaq hər birimiz, güman edirəm, Azərbaycanın hər bir vətəndaşı sizin orada iştirakınızın nəticələrini gözləyəcək.
İdman kütləvi xarakter daşıyır. İnsanlar idmanla məşğul olub-olmamaqlarından asılı olmayaraq, ona daim maraq göstərirlər. Təsadüfi deyil ki, cürbəcür idman oyunları minlərlə, on minlərlə, yüz minlərlə adamı stadionlara toplayır. Bu təbiidir. XXVI Olimpiya Oyunları da dünyanın televiziya kanalları ilə bütün ölkələrə yayılacaqdır. Güman edirəm ki, Azərbaycan vətəndaşları, ümumiyyətlə, bu oyunlara maraq göstərərək, televiziya verilişlərini daim izləyəcəklər, xüsusən də hər birimiz səbirsizliklə gözləyəcəyik ki, Azərbaycan komandası hansı gün hansı nailiyyət qazanacaqdır. Ona görə də sizin üzərinizə böyük məsuliyyət düşür. Bu məsuliyyəti də özünüz öz üzərinizə götürmüsünüz. Çünki özünüz çalışmısınız, Olimpiya oyunlarında iştirak haqqı qazanmısınız və özünüz də bu işi müvəffəqiyyətlə başa çatdırmalısınız. Güman edirəm, bunu isbat etməyə ehtiyac yoxdur. Bunu özünüz yaxşı dərk edirsiniz və güman edirəm ki, hər birinizin ürəyi hər gün bu fikirlərlə doludur. Ona görə də biz sizi xeyir-dua ilə yola salırıq. Bu gün bütün Azərbaycan xalqı adından sizə xeyir-dua verirəm. Allah sizə kömək etsin, yolunuz uğurlu olsun, sağ-salamat gedib Atlanta şəhərinə çatasınız, orada öz idman məharətinizi nümayiş etdirə və Azərbaycanın bayrağını yüksəklərə qaldıra biləsiniz. Sizin imkanlarınız var və ümidvaram ki, buna nail olacaqsınız.
Bu gün bizim görüşümüz indi Azərbaycan gənclərinə məxsus olan gözəl “Gənclik” mərkəzində keçirilir. Buradakı kompleks uzun illər tikilib, yaranıb, qurulubdur. Xatirimdədir, bunun əsası 60-cı illərdə qoyulmuşdur. 70-80-cı illərdə biz buraya çox vəsait qoyduq, çox səy göstərdik və burada, Azərbaycanın ən gözəl guşələrindən biri olan Xəzər dənizinin sahilində - Abşeronda, Bakıda, Zuğulbada gözəl “Gənclik” kompleksi yarandı. Bu, idman-istirahət kompleksidir, gənclərin öz fiziki-mənəvi istedadlarını nümayiş etdirmələri, hazırlaşmaları, təlim keçmələri üçün şərait yaradan bir kompleksdir. Mən çox məmnunam ki, bir neçə illik fasilədən sonra sizinlə bərabər yenidən bu kompleksdəyəm. Çünki bura mənim üçün doğma yerdir. Bu kompleksin tikilməsi, yaranması, genişlənməsi və inkişaf etməsi üçün şəxsən mən çox zəhmət çəkmişəm, çox qərarlar qəbul etmişəm, çox işlər görmüşəm.
Ona görə də mənim üçün çox narahatedici hal idi ki, bu kompleks ayrı-ayrı nadanların əlinə düşmüşdü və bunu gənclərin tələblərinə həsr etmək əvəzinə, cürbəcür başqa məqsədlər üçün istifadə edirdilər. Xatirinizdədir, bu ilin fevralında Azərbaycan gənclərinin ilk forumunu keçirərkən, mən “Gənclik” mərkəzi haqqında öz fikrimi söylədim. O vaxt bəziləri mənə sübut etmək istəyirdilər ki, bilirsiniz, bu bizə məxsus deyil, kim tərəfindənsə özəlləşdirilib, kiməsə, haradasa tabedir, filan-bəsməkan. Bunlar heç bir çərçivəyə sığmayan sözlər idi.
Bilirsiniz, insanlar qurulan şeyi dağıtmağa çox mahirdirlər. Bu, çətin bir şey deyildir. Amma bunu tikmək, yaratmaq neçə illər tələb edib, burada nə qədər zəhmət çəkilib, nə qədər vəsait qoyulub, işlər görülübdür. Bunlar hamısı Azərbaycan xalqına, Azərbaycan gənclərinə məxsusdur, onların bu gününə və gələcəyinə məxsusdur. Bunu ayrı-ayrı adamların sərəncamına verib mənfəət mənbəyi etməyə, yaxud cürbəcür çirkin işlər görməyə yol vermək olmaz. Təəssüflər olsun ki, müəyyən dövrdə Azərbaycanda özbaşınalığa, hərc-mərcliyə, deyə bilərəm ki, sahibsizliyə görə, ölkənin bu cür sərvətləri ayrı-ayrı nadan adamların əlinə keçmişdir və bəziləri hələ bu gün də onların əlindədir. Bu gün mən sizə bir daha deyirəm: hamısını xalqa qaytaracağıq. Heç kəsə imkan verə bilmərik ki, xalqın sərvəti, vəsaiti, zəhməti ilə, necə deyərlər, xalqın bütün çalışqanlığı ilə yaranmış və xalq üçün olan, xalqa xidmət edən belə obyektlər ayrı-ayrı əllərə keçsin.
İndi burada mənə danışırlar ki, Gənclər və İdman Nazirliyi bu obyekti təhvil alarkən o, nə vəziyyətdə idi. İki-üç ay ərzində burada görülmüş işlər nəticəsində indi kompleks gözəl vəziyyətə düşüb. Mən çox sevinirəm ki, fevral ayında belə qərar qəbul etdim və çox məmnunam ki, bu qərar həyata keçirilibdir. Gənclər və İdman Nazirliyinə, Nazirlər Kabinetinə tapşırıram ki, fevral ayında gənclər forumunda verdiyim göstərişlərin, əmrlərin hamısı axıra qədər yerinə yetirilsin. Bu əmrlər də ancaq və ancaq gənclər üçün yeni imkanlar yaratmağa yönəldilibdir. Gənclər bizim bu günümüz, gələcəyimizdir. Bizim həyatımız, gələcəyimiz bugünkü gənclərlə bağlıdır. Biz müstəqil Azərbaycan Respublikası qurmuşuq, yaradırıq. Azərbaycanda dövlət quruculuğu prosesi gedir, dövlət müstəqilliyimizi qoruyuruq, müstəqilliyimizə zərbə vuran halları aradan götürməyə çalışırıq. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə, ölkəmizə edilmiş hərbi təcavüzün qarşısını almağa çalışırıq.
İki ildən artıqdır ki, atəşi dayandırmışıq. Ancaq biz tam, böyük sülhə nail olmaq istəyirik. İşğal olunmuş torpaqlarımızı azad etmək, bu torpaqlardan zorla çıxarılmış vətəndaşlarımızı öz yurdlarına, evlərinə, obalarına qaytarmaq istəyirik. Bunlar qarşımızda duran vəzifələrdir, bizim məqsədimizdir. Bu məqsədə nail olmaq üçün gecə-gündüz çalışırıq. Bu məqsədlərə nail olmaq, Azərbaycanın müstəqilliyini dönməz, yenilməz, əbədi etmək üçün yeni, gənc nəsil yetişməli, böyüməli və Azərbaycanın bayrağını əllərdən-əllərə ötürərək, irəliyə aparmalıdır. Bu nəsil sizsiniz, gənclərdir, gənclərin içərisindən seçilmiş idman ustalarıdır.
Mən idman haqqında fikrimi dəfələrlə söyləmişəm, bədən tərbiyəsinin xalqımız, millətimiz üçün nə qədər lazımlı olduğunu dəfələrlə demişəm. Bu gün də deyirəm: Azərbaycanın böyük idman ənənələri var. Azərbaycanın idman veteranları, - onların bir çoxu burada iştirak edirlər, - ölkəmizdə idmanın inkişafı üçün çox işlər görüblər. Yaxşı ənənələr yaradıblar, gənclərimiz üçün yaxşı yollar açıblar. Mən bu gün idman veteranlarına bir daha təşəkkürümü bildirirəm. Bugünkü gənclərimizin idman sahəsindəki nailiyyətləri veteranların zəhməti sayəsindədir, gənclərin məşqçilərinin, müəllimlərinin, onlara rəhbərlik edən idman ustalarının fəaliyyətinin nəticəsidir. Ona görə bu gün mən idman sahəsində müəllimlik edənlərin, məşqçiliklə məşğul olanların, gənclərimizdən idman ulduzları hazırlayanların hamısına hörmət və ehtiramımı, onlara təşəkkürümü bildirirəm.
İdmanımızın çox geniş imkanları var. Biz bunu ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün adi bir adət, ənənə olsun, Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandan kənarda qalmasın. Biz buna nail olmalıyıq. Bu, xalqımızın gələcəyi üçün lazımdır. Müstəqil Azərbaycanı gələcəkdə də yaşatmaq, onu daha da möhkəmləndirmək, dünya miqyasında böyük dövlətə çevirmək üçün gənclərimiz bu gündən hazırlaşmalıdırlar. Həm şüuri, zehni, mənəvi cəhətdən, həm də fiziki cəhətdən hazırlaşmalıdırlar. Ona görə də sizin qarşınızda bu sözləri deməyi çox vacib hesab edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, gənclərimiz xalqımızın gözəl ənənələrindən istifadə edərək, öz sağlamlığını qoruyacaq, özlərini fiziki cəhətdən möhkəmləndirəcək, mətinləşdirəcəklər, mənəvi sağlamlıqlarını qoruyacaq və möhkəmləndirəcəklər.
Azərbaycanın böyük gələcəyi var. Azərbaycanın bir dövlət kimi, böyük təbii sərvətlərə malik olan bir ölkə kimi böyük gələcəyi var. Amma bu gələcəyi biz sizinlə birlikdə qurmalı, yaratmalıyıq və gənclər Azərbaycanın gələcəyini öz çiyinlərində irəliyə aparmalıdırlar. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan gəncləri məhz bu müqəddəs məqsədlərə sadiq olacaqlar və öz həyat tərzləri, istedadları ilə ölkəmizin gözəl gələcəyini təmin edəcəklər.
Əziz idmançılar, əziz idman ustaları, əziz olimpiyaçılar!
Siz artıq olimpiyaçılarsınız. Mən sizi bir daha təbrik edirəm, sizə can sağlığı, xoşbəxtlik arzu edir, uğurlar diləyirəm. Əminəm ki, siz qarşınızda qoyulan vəzifələri uğurla yerinə yetirəcəksiniz, Atlanta şəhərində müstəqil Azərbaycanın bayrağını yüksəyə qaldıracaq, Azərbaycan Respublikasının şan-şöhrətini dünyaya yayacaqsınız və böyük nailiyyətlərlə Vətənimizə, ölkəmizə, torpağımıza qayıdacaqsınız. Sizi bir daha təbrik edir, sizə cansağlığı, uğurlar arzulayıram.
29 iyun 1996-cı il

Xəbər 3236 dəfə oxundu.