Rusiyanın Birinci kanalı: Onlar öz ölkələrini dünyaya şablonsuz göstərdilər
Rusiya televiziyasının Birinci kanalının “Voskresnoye vremya” analitik informasiya proqramında Bakıda birinci Avropa Oyunlarına həsr olunan süjet göstərilib.

Kanalın müxbiri Aleksandr Yevstiqneyev Bakıdan olan materialını “Böyük şəhərin işıqları” adlandırıb.

Proqramın aparıcısı İradə Zeynalova süjetin əvvəlində deyir: “Oyunlara Şərqə xas böyük vüsətlə hazırlaşıblar: açılış mərasimi üçün təqribən 70 min tamaşaçı yeri olan nəhəng stadion inşa edilib. Aydın məsələdir ki, bu Oyunlar ölkəni təqdim etmək, Bakının istənilən səviyyədə görüş və danışıqlar məkanına çevrilməyə hazır olduğunu göstərmək üçün fürsətdir.

“Alov, ardımca gəl”: bu, oda-alova bürünmüş bir açılış mərasimi idi. İki ənənə - Avropa və Şərq bütün koloriti ilə göz qabağında çulğaşırdı. Onlar öz ölkələrini dünyaya şablonsuz göstərdilər. Neft vışkaları olmadan, qara kürüsüz və bazarlarsız göstərdilər. Burada yerin təkindən Bakının rəmzi olan alov dilimləri çıxır, az qala yüz xalqın nümayəndələrinin gözündə qığılcımlar oynayır. Burada qədim sivilizasiyasının təcəssümü olan Qobustanın qayaüstü rəsmləri alışıb-yanır.

Eyni zamanda, Avropanın mədəni kodlarını görürük. Avropanın oğurlanması – idman arenası üzərində uçan nəhəng ağ öküz. Mərasimin təşkilatçıları bunun mexanizmini gizli saxlayırlar. Nəhayət, sarışın saçlı Ledi Qaqa. Bu dəfə o, qarşımıza tamamilə fərqli bir obrazda çıxaraq Lennonun lirik “Imagine” mahnısını ifa edir – “Təsəvvür edirsinizmi...”

Təsəvvür etmək isə həqiqətən çətindir. Azərbaycan birinci Avropa Oyunlarının açılışına cəmi iki ilə hazırlaşıb. Bakının siması dəyişib. Parlaq işıqlar şəhəri idman şəhərinə çevirib. Bu da Xəzərin duzlu küləyi kimi havaya hopub. Hər şey göz qabağındadır. Bütöv idman məhəlləsinə heç Olimpiya Kəndi demək olmaz. İdmançılara xidmət edən nəqliyyat üçün xüsusi zolaqlar nəzərdə tutulub. Londondakılara bənzəyən, amma ağ və badımcan rəngində olan taksilər. Nəhayət, əsas obyektlər. Futurist üslubda açıq hovuz. Böyük Bakı Olimpiya Stadionu. Hər halda Avropa Oyunlarını Azərbaycanda çoxdan gözlənilən Olimpiada kimi qəbul edirlər.

Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində deyib: “Əziz dostlar, bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir”.

...Təqribən 70 min tamaşaçı nəfəsini dərmədən diqqət kəsilib. Səhnədə min artist dayanıb. Başgicəlləndirici rəqs - qızlar cürbəcür naxışlar - sanki Azərbaycanın milli ornamentlərini toxuyurlar. Təbii ki, bu naxışlar sonda milli bayrağa çevrilir. Sonra bütün bayraqlar stadiona gətirilir. Altı min idmançı, 50 yığma komanda. Tribunaların önündən Rusiyanın yığma komandası keçir. Komandanın bayraqdarı sərbəst güləş üzrə Olimpiya çempionu Hacımurad Qatsalovdur.

Tamaşaçılar Azərbaycan yığmasını ayaq üstündə alqışlayırlar. Eyni şəkildə Türkiyə yığmasını qarşılayırlar. Onlar yaxın tərəfdaşdırlar. Hələ Avropa Oyunları başlamazdan əvvəl politoloqlar açılışa hansı dövlət başçılarının gələcəyi barədə öz fikirlərini bildiriblər: Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Aleksandr Lukaşenko – on iki dövlət başçısı. Yəni, bərabərhüquqlu dialoqa qadir olan ölkələrin rəhbərləri.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə apardığı danışıqlardan, Bakıda Atletlər Kəndində Rusiya yığma komandasının üzvləri ilə görüşündən kanalın tamaşaçılarına söz açan A.Yevstiqneyev sonda belə bir fikri xatırladıb: “İdman siyasət mövzusu olmasa da, söhbət etmək üçün gözəl fürsətdir”.

AZƏRTAC

Xəbər 1005 dəfə oxundu.