Almaniya qəzetində beynəlxalq qrossmeyster Vüqar Həşimova həsr olunan məqalə dərc edilib
Almaniyanın “Der Neue Tag” qəzetində “Vüqar Həşimovun xatirəsinə” adlı məqalə dərc edilib. Məqalədə mərhum azərbaycanlı şahmatçı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə artıq ikinci dəfə turnirin keçirildiyi bildirilir. Qeyd edilir ki, Azərbaycanın Şəmkir rayonunda keçirilən xatirə turnirində dünyanın tanınmış on şahmatçısının, o cümlədən şahmat üzrə dünya çempionu Maqnus Karlsenin və keçmiş dünya çempionu Vişvanatan Anandın iştirak etməsi mərhum Vüqar Həşimovun xatirəsinə verilən dəyərdən xəbər verir. Vurğulanır ki, 27 yaşında dünyasını dəyişən şahmatçı həm də insan kimi çox nəzakətli və humanist idi.

Məqalədə Vüqar Həşimovun həyatı haqqında məlumat verilir. Qeyd edilir ki, 6 yaşında şahmatı atasından öyrənən Vüqar 1996-cı ildə 10 yaşadək şahmatçılar arasında dünya çempionatında ikinci yerə çıxıb. O, 13 yaşında beynəlxalq usta, 16 yaşında qrossmeyster olub. Şahmat üzrə Avropa çempionatında 2007-ci ildə üçüncü, 2009-cu ildə birinci, 2011-ci ildə ikinci yeri qazanmış Azərbaycan komandasının ən güclü üzvlərindən biri olub.

Kreativ və dinamik oyun üslubu ilə tanınan V.Həşimov 2005-ci ildən etibarən beynəlxalq miqyasda müxtəlif komandaların tərkibində çıxış edib. 2009-2010-cu illərdə Almaniyanın Verder Bremen komandasını təmsil edib. Həşimov 2761 xalla dünya şahmatçılarının siyahısında doqquzuncu yeri tuturdu.

AZƏRTAC

Xəbər 746 dəfə oxundu.