İran mətbuatı “Bakı-2015” birinci Avropa Oyunlarının açılışı mərasimi haqqında yazı dərc edib
İran İslam Respublikasının “Dəniznews” qəzetində və həmin qəzetin elektron variantında “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi haqqında məqalə dərc edilib.

Məqalədə Azərbaycanın davamlı iqtisadi inkişafının belə möhtəşəm idman tədbirlərini keçirməyə imkan verdiyi vurğulanır. Bildirilir ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirləri təşkil etməkdə böyük təcrübəyə malikdir.

Yazıda qeyd olunur ki, Bakıda 6 mindən çox idmançının qarşılanması və onların rahatlığı üçün böyük hazırlıq işləri aparılıb. Yarışların keçirilməsi üçün dünya standartlarına cavab verən stadionlar tikilib.

Materialda Oyunları işıqlandırmaq üçün Azərbaycana gələn xarici mətbuat nümayəndələri üçün də hər cür şəraitin yaradıldığı, mətbuat mərkəzlərinin pulsuz internet sistemi ilə təmin edildiyi nəzərə çatdırılır.

Məqalədə açılış mərasimində bir sıra dövlətlərin prezidentlərinin və yüksək vəzifəli şəxslərinin iştirak etdiyi və onlar üçün rəsmi qəbul təşkil olunduğu da diqqətə çatdırılır. Bildirilir ki, rəsmi qəbulda çıxış edən Azərbaycan Prezidenti ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlardan danışıb və idmançılara uğurlar arzulayıb.

Xəbər 825 dəfə oxundu.