Azərbaycan taekvondoçusu birinci Avropa Oyunlarının bürünc medalını qazanıb
İyunun 16-da - birinci Avropa Oyunlarının beşinci günündə "Baku Crystal Hall"da kişilər və qadınlar arasında taekvondo yarışları da başlayıb. Oyunlarda ölkəmizi taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının 8 üzvü təmsil edir.

Dayanq üzərində qadınlar arasında 49, kişilər arasında 58 kiloqram çəki dərəcələrində taekvondoçular güclərini sınayıblar.

Kişilərin yarışında mübarizə aparan komandamızın üzvlərindən Məhəmməd Məmmədov (58 kq) ilk görüşdə israilli Gili Haimovitzə 7:4 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə adlayıb. Dörddəbir finalda Nankin Olimpiadasının üçüncüsü, ispaniyalı Tortosa Kabrera Xesus ilə qarşılaşan yeniyetmələr arasında dünya və Avropa çempionatlarının mükafatçısı Məhəmməd Məmmədov rəqibinə 3:8 hesabı ilə uduzaraq yarımfinala yüksələ bilməyib. Təmsilçimiz təsəlliverici görüşdə belaruslu idmançı İlya Kokşintsevlə üz-üzə gəlib və 15:3 hesabı ilə qalib ayrılıb. Onun bürünc medal uğrunda belçikalı Mohamed Si Ketbin ilə döyüşünün üçüncü raundunda xallar (4:4) bərabər olduğu üçün dördüncü raunda ehtiyac yaranıb. İlk xalı (qızıl xal) yığan belçikalı idmançı görüşdə qalib elan olunub. Beləliklə, təmsilçimiz birinci Avropa Oyunlarında mübarizəni dayandırıb.

Qadınların yarışında isə ilk görüşdə rusiyalı idmançı Aleksandra Liçaqina ilə qarşılaşan Azərbaycan taekvondoçusu Patimat Abakarova (49 kq) rəqibini 7:1 hesabı ilə məğlub edərək dörddəbir final mərhələsinə çıxıb. Üçüncü İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova Avropa çempionu, yunanıstanlı idmançı Loanna Koutsouya 4:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib. P.Abakarovanın yarımfinalda rəqibi gənclər arasında dünya çempionu serbiyalı Tijana Boqdanovic ilə döyüşünün üçüncü raundunda xallar (6:6) bərabər olduğu üçün bu dəfə də dördüncü raund oynanılıb. İlk xalı (qızıl xal) yığan serbiyalı idmançı görüşdə qalib gəlib. Beləliklə, təmsilçimiz bürünc medalı uğrunda mübarizə aparmalı olub. P.Abakarova dünya çempionatının üçüncüsü, italiyalı Erika Nikolini 13:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının bürünc medalına sahib olub.

Qadınlar arasında birinci Avropa Oyunlarının qalibi böyük britaniyalı Çarli Madok, kişilərin yarışında isə portuqaliyalı Rui Braqanca olub.

Medalları qalib idmançılara Dünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Ço və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov təqdim ediblər.

Birinci Avropa Oyunlarının çempionlarının şərəfinə Böyük Britaniyanın və Portuqaliyanın dövlət himnləri səsləndirilib, bayraqları qaldırılıb.

İyunun 17-də qadınlar arasında 57, kişilər arasında isə 68 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək.

Xəbər 812 dəfə oxundu.