Avstriya telekanalı öz proqramında Avropa Oyunlarına geniş yer ayıracaq
Avstriyanın ən böyük teleradio şirkəti olan ORF televiziyasının “ORF SPORT+” kanalı öz proqramında “Bakı-2015” Avropa Oyunlarına geniş yer ayıracaq. Telekanal bu gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimindən xüsusi veriliş yayımlayacaq və mötəbər beynəlxalq yarışmanın hər gününün yekunlarına həsr olunan ayrıca bir saatlıq buraxılış təqdim edəcək.

Telekanalın internet səhifəsindəki onlayn TV-teka vasitəsilə həmin verilişləri efirdə yayımlandıqdan sonra bir həftə ərzində təkrar izləmək mümkün olacaq.

Telekanalın Avstriya Mətbuat Agentliyi vasitəsilə yaydığı xəbərdə, həmçinin “Bakı-2015” Avropa Oyunlarında iştirak edən Avstriya idmançıları barədə məlumat əksini tapıb. Qeyd olunub ki, yarışlara 145 Avstriya atleti qatılacaq və onlar 12-dən artıq idman növü üzrə medallar uğrunda mübarizə aparacaqlar. “Bakı-2015” avstriyalı idmançılar üçün 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqələrin əldə olunması üçün mühüm beynəlxalq idman turniri olacaq.

AZƏRTAC

Xəbər 883 dəfə oxundu.