“Jidaçiv-Zirvə” atleti dünya ikincisi adını qazandı!
6-13 iyun 2015-ci il tarixlərində Polşanın Vrotslav şəhərində ağır atletika üzrə gənclər arasında dünya çempionatı keçirilir. Şəhərin “ORBITA Hall” İdman Kompleksində baş tutacaq turnirdə 50-yə yaxın ölkədən 282 atletin (123 qadın və 159 kişi) iştirakı gözlənilir.

Bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun daha bir üzvü – Volodimir Hoza körpücük üzərinə çıxıb. “Jidaçiv-Zirvə” İK-nın atleti Volodimir Hoza kişilərin mübarizəsində – 94 kq çəki dərəcəsində medal qazanmağa çalışıb. Sevindiricidir ki, o, bu sınaqdan üzüağ çıxıb.

Hoza birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. O, ardıcıl olaraq 163, 167 və 173 kq-ı ram edərək bütün rəqiblərini üstələyib.
Volodimir təkanla qaldırma hərəkətində 193 kq-lıq ştanqı iki yanaşmada ram edib. Sonuncu yanaşmada isə 203 kq-ı başı üzərinə qaldıra bilməyib. Belə də o, bu hərəkətdə ikinci olub.

Beləliklə, Hoza toplamda 366 kq (173 kq+ 193 kq) nəticə ilə gənclər arasında dünya çempionatının gümüş medalına sahib çıxıb. Bu münasibətlə onu, məşqçilərini və “Jidaçiv-Zirvə” İK-nın bütün üzvlərini təbrik edir, uğurlarının davamının gəlməsini arzulayırıq.

Xəbər 836 dəfə oxundu.