Britaniyanın “Evening Standard” qəzetinin 8 səhifəsi birinci Avropa Oyunlarına həsr edilib
Böyük Britaniyanın hər gün 1 milyona yaxın insan tərəfindən oxunan nüfuzlu “Evening Standard” qəzetinin 11 iyun tarixli nömrəsində “Bakı-2015” birinci Avropa Oyunlarına 8 səhifəlik yer ayrılıb.

Qəzet Avropa Oyunlarının yaranması tarixi, onun əhatə etdiyi idman növləri, Bakıda yarışların keçiriləcəyi məkanlar, iştirak edəcək dünya şöhrətli idmançılar, habelə Oyunları canlı yayımlayacaq telekanallar haqqında ətraflı məlumat verilir.

Həmçinin oxucular Oyunlar üçün görülən hazırlıq işləri, paytaxt Bakıda tikilən möhtəşəm idman arenaları, xüsusilə Atletlər Kəndi, şəhərdə aparılan abadlıq işləri barədə məlumatlandırılır. “Bakı-2015”in indiyədək keçirilən Olimpiya Oyunlarından heç də geri qalmayacağı diqqətə çatdırılır.

Məqalədə “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirlərinə yer verilir. O, “Bakı-2015”in Avropa qitəsi üçün mühüm tarixi hadisə olduğunu vurğulayır. S.Kleq Avropa Oyunlarından sonra artıq dünya idman xəritəsində Azərbaycanın xüsusi yerinin olacağını bildirir.

Bakı ilə bağlı şəkillərin də yer aldığı məqalədə, həmçinin Avropa Oyunlarında iştirak edəcək Britaniya komandası haqqında ətraflı məlumat verilir.

AZƏRTAC

Xəbər 811 dəfə oxundu.