Cüdoçularımız reytinqdə mövqelərini yaxşılaşdırıblar
Beynəlxalq Cüdo Federasiyası 2012-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. İdman.com.az saytı xəbər verir ki, «World Masters»in yekununa əsasən açıqlanan siyahıda cüdoçularımız irəliləyiblər. Adı çəkilən yarıda 5-ci yer tutmuş Ramilə Yusubova (63 kq) 468 xalla 11-cidir. Kifayət Qasımovanın (57 kq) mövqeyində isə dəyişiklik olmayıb. O, 12-ci mövqedə qərarlaşıb (568 xal).

«World Masters»in qalibi olan Elnur Məmmədli (81 kq) yerini möhkəmləndirib. Olimpiya çempionumuz 944 xalla 3-cüdür. Bu çəkidə mübarizə aparan Elxan Rəcəbli 18-ci sıradadır (424).
İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimovun (66 kq) da reytinqi qənaətbəxşdir. İlk adı çəkilən cüdoçu 659 xalla 8-ci, digəri 616 balla 9-cudur.

London-2012-yə getmək şansını azaldan Elmar Qasımov (100 kq) 27-ci pillədədir. Onun hesabında 280 xal var. Gənc idmançını «dördillik»dən 5 sıra ayırır. O, arzusuna yetişmək üçün 60 xallıq fərqi aradan qaldırmalıdır.
Elxan Məmmədova (90 kq) gəlincə, titullu cüdoçu 906 xalla 4-cüdür.
Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 14 yeri tutacaq cüdoçular London olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.

Xəbər 1194 dəfə oxundu.