Lokomotivdən daha bir əsas voleybolçu getdi
Yeni mövsümdə Çempionlar Liqasında oynayacaq “Lokomotiv”i daha bir ulduz voleybolçu tərk edib. Hollandiya millisinin hücumçusu Enn Buijs Bakı klubunda qalmaq istəməyib.

Müqaviləsi bitən 24 yaşlı oyunçu yeni anlaşmaya imza atmayıb və Türkiyəyə yollanıb. İstanbulun “Vakıfbank” klubu ilə danışıqları müsbət yekunlaşdıran Buijs 1 illik müqavilə də bağlayıb. O, burada Hollandiya millisini də çalışdıran Covanni Quidettinin rəhbərliyi altında oynayacaq.

Bununla, “Lokomotiv”in ötən mövsüm gümüş medal qazanmasında böyük rolu olan və komandada çıxış etmək istəməyən voleybolçularının sayı 4-ə çatıb. Enndən öncə italiyalı Valentina Arriqetti, amerikalı Karli Lloyd və türkiyəli Tuğce Atıcı da düşərgədən ayrılıb.

Qeyd edək ki, Buijsin gedəcəyi gözlənilən idi. Çünki “Lokomotiv” mövsümün gedişində baş məşqçisi olan atası Teon Buijsi gözlənilmədən istefaya göndərmişdi.

Xəbər 706 dəfə oxundu.