Qobustan Milli Tarix-Bədii Qoruğu birinci Avropa Oyunlarına hazırdır
İyunun 6-da “Bakı-2015” birinci Avropa Oyunları məşəlinin Qaradağ rayonuna gətirilməsi münasibətilə Qobustan Milli Tarix-Bədii Qoruğunda Alov festivalı keçiriləcək.Tarixi məkan artıq bu mötəbər yarışa hazırdır.

Bu gün Qobustan turistlərin ən çox görmək istədiyi yerə çevrilib. Birinci Avropa Oyunları zamanı Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayının daha da artacağı şübhəsizdir. Bu amil nəzərə alınaraq bələdçilərin dil hazırlığına çox ciddi diqqət yetirilib. Artıq ingilis, fransız, rus dilli bələdçilər var. Onlar xüsusi kurs keçiblər.

Qoruq idarəsinin iş saatında da dəyişiklik olunub. Saat 10:00-dan 20:00-dək yerli və xarici turistlər buranı ziyarət edə biləcəklər. Qobustanı görməklə qonaqlar Azərbaycanda qədim insanların məişəti, bacarıqları haqqında geniş məlumat əldə edirlər. UNESCO-nun Dünya İrs Siyahısında yer alması Qobustanı dünyaya daha çox tanıdıb. Avropa mütəxəssisləri isə Qobustanı Avropanın ən yaxşı muzeyləri sırasına daxil ediblər.

Qeyd edək ki, qədim Qobustanla müasir Qobustan arasında kəskin fərq var. Ərazidə turistlərin rahat istirahət etməsi və gəzməsi üçün hər cür şərait yaradılıb. Qoruğun ümumi sahəsi 4530 hektardır. Burada yeni inşa olunan muzey isə 12 ekspozisiya zalından ibarətdir. Digər muzey binaları ilə müqayisədə, Qobustan Milli Tarix-Bədii Qoruğunun muzey kompleksi orijinal və fərqli memarlıq dizaynına malikdir. Hər otağın özünəməxsus mövzusu var.

Yeni mövzu, yeni təcrübələr, yeni sürprizlər və əyləncə - bütün bunlar birinci Avropa Oyunları zamanı Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət etməyə gələnlərdə ölkəmizin qədim tarixi ilə bağlı zəngin təəssürat yaradacaq.

Xəbər 898 dəfə oxundu.