Arif Əsədov: İstefaya göndərilsəm də, rəhbərliklə görüşmək istəyirəm
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov paytaxt klubundan uzaqlaşdırılması ilə bağlı fikirlərini açıqlayıb. O, öncə "Qarabağ"a Azərbaycan Kubokunun finalındakı məğlubiyyətdən danışıb:

"Final öncəsi komandada çoxlu problem var idi. Hansı ki, bunları siz də bilirdiniz. "Neftçi" son həftələrdə bir qayda olaraq, itkilərlə oynayırdı. Amma hər iki cəbhədə sonadək mübarizə apardı. Çempionatda ən azı üçüncü olmaq istəsək də, buna nail ola bilmədik. Bu üzdən də kubokda özümüzü göstərməyə çalışdıq. Lakin bəzi lider oyunçuların zədəli olması finaldakı çıxışımıza təsirini göstərdi".

Əsədov bildirib ki, komanda üzərində böyük təzyiq var imiş: "Son dövrlər həm komanda, həm də mənə qarşı təzyiqlər çox idi. Hər gün səni əvəzləyəcək mütəxəssislərlə bağlı müzakirələrin getdiyi bir vaxtda çalışmaq o qədər də asan deyil. Bu, həm mənə mənfi təsir edirdi, həm də futbolçulara. Amma mən klubu atıb gedə bilməzdim".

Klubun Müşahidə Şurasının onun istefasına qərar verməsinə də toxunan mütəxəssis bunları söyləyib: "Şuranın bu qərarı haqda danışmaq istəmirəm. Necə deyərlər, qərar artıq qəbul olunub. Sadəcə, klub rəhbərliyi ilə görüşmək istərdim. Çünki "Neftçi" ilə 2016-cı ilin iyun ayınadək müqaviləm var. İstənilən halda mən minimum vəzifənin öhdəsindən gəlmişəm, komandanı avrokuboklara çıxarmışam".

Əsədov qarşıdakı planları barədə suala isə belə cavab verib: "Bir qədər istirahət etməliyəm. İnanın ki, böyük klubda çalışmaq çox çətindir. Bir illik fəaliyyət beş ilə bərabərdir".

Xəbər 1008 dəfə oxundu.