"Bakı" Almaniya klubu ilə görüşəcək
Türkiyədə ilk təlim-məşq toplantısını yekunlaşdırmaqda olan "Bakı" hazırlıqlara gündə iki məşqlə davam edir. İdman.com.az saytının məlumatına görə, toplantının 9-cu günü taktiki və nəzəri çalışmalar üzərində qurulub. Futbolçuların əzmkarlıqla çalışması məşqçilər heyətinin təqdiri ilə qarşılanır.

Xüsusilə də, ilk dəfə əsas komandanın düşərgəsinə qoşulan gənc futbolçular - müdafiəçi Elşad Manafov və hücumçu Tural Qürbətov nüfuzlu həmkarlarından geri qalmamağa çalışırlar. Bu futbolçuların cəmi 18 yaşı var və onların əsas komandada debütü Hollandiya çempionatının lideri "AZ Alkmaar" klubuna qarşı oyuna təsadüf edib.

Tural qarşılaşmanın 65-ci dəqiqəsində oyuna qoşulub, Elşad isə 83-cü dəqiqədə meydana çıxıb. Ümumiyyətlə, komandanın ilk yoxlama oyununda meydanda 8 azərbaycanlı futbolçu çıxıb. 30 dəqiqə oynayan Nurlan Novruzovun da artıq mütəmadi olaraq heyətdə yer aldığını qeyd edək.

Sabah komanda 2-ci yoldaşlıq oyununa çıxacaq. Həmin oyunda sınaqçı rəqib Almaniya 1-ci liqasının təmsilçisi "İnqolştadt 04" klubudur. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər 923 dəfə oxundu.